Azərbaycan regionda yaşıl enerjinin inkişafına ən çox sərmayə yatıran ölkədir - RƏY

ÖLKƏ
17:21 / 10.11.2024
143

COP29-da iqlim maliyyəsi üzrə mühüm beynəlxalq razılaşmanın əldə olunması çox vacibdir.

Bu fikirləri "Report”a açıqlamasında enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələr sırasındadır:

"Hesablamalara görə, Azərbaycanın bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 QVt-dır. Yaşıl enerji mənbələrinin iqtisadi potensialı isə 27 QVt -dır. O cümlədən, külək enerjisi üzrə 3 min, günəş enerjisi üzrə 23 min, bioenerji potensialı 380, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Bu baxımdan, ölkənin enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsidir”.

Ekspert ətraf mühitin qorunmasının Azərbaycan üçün qlobal sabitlik, təhlükəsizlik və sülh məsələləri qədər böyük əhəmiyyət daşıdığını bildirib:

"Bu ay ölkənin COP29-a ev sahibliyi etməsi qarşıdakı illərdə qlobal enerji keçidi və enerji təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm hadisədir. Nəzərə almaq lazımdır ki, 2050-ci ilə qədər qlobal miqyasda enerji keçidinə 100-200 trilyon dollar tələb olunacaq. İnkişaf etməkdə olan ölkələr üçün isə hər il təqribən 6 trilyon dollar tələb oluna bilər".

O qeyd edib ki, belə olan təqdirdə, COP29-da iqlim maliyyəsi üzrə mühüm beynəlxalq razılaşmanın əldə olunması çox vacibdir:

"Ölkə olaraq, yaşıl enerji mənbələrinə əsaslanan yeni enerji sistemlərinin şaxələndirilməsi sahəsində addımlar atmaqla, Gürcüstan, Türkiyə, Avropa və Mərkəzi Asiya istiqamətlərində yeni Yaşıl Enerji Dəhlizlərinin və inteqrasiya edilmiş yeni enerji bazalarının formalaşmasında maraqlıyıq. "Yaşıl artım" ölkəsinə çevrilmək Azərbaycanın milli hədəflərindəndir. Bu mənada COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji siyasətinə beynəlxalq dəstəyin ifadəsidir”.

Z.Vəliyev qarşıdakı dövr üçün ölkədə yaşıl enerji istehsalı ilə bağlı yeni istehsal güclərinin formalaşacağını vurğulayıb:

"Azərbaycan regionda yaşıl enerjinin inkişafına ən çox sərmayə yatıran ölkədir. Son bir neçə ildə bu sahəyə yönəldilmiş yaşıl investisiyaların həcmi 1 milyard dollardan artıqdır. Bu mənada 2030-cu ilə qədər ölkənin bərpaolunan enerji potensialını inkişaf etdirməklə, enerji portfelində bərpaolunan enerjinin iştirak payını 30 faizə çatdırması hədəflənib”.

Ekspertin fikrincə, Azərbaycanın yaşıl enerjiyə keçid istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər ölkənin bu sahədə istehsal gücünü artıracaq:

"Ölkənin böyük bərpa olunan enerji potensialını nəzərə alaraq yaşıl enerji sahəsində ixtisaslaşmış "Masdar” şirkəti ilə 10 QVt-dək həcmdə müqavilələr bağlanıb. Bağlanmış müqavilələr qarşıdakı illərdə bərpaolunan enerji növlərinin istehsalını nəzərdə tutur. Sazişə görə, ilkin mərhələdə quruda sənaye təyinatlı 1 QVt gücündə külək enerjisi, 2 QVt gücündə dənizdə külək və yaşıl hidrogen istehsalı layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi planlaşdırılıb. Bu isə qarşıdakı dövrdə ölkədə yaşıl enerji üzrə yeni istehsal güclərinin formalaşması deməkdir".

Ekspertin sözlərinə görə, buradan belə nəticəyə gəlmək olar ki, COP29 çərçivəsində Azərbaycan öz yaşıl enerji potensialını və indiyədək sənaye istismarına verilmiş yaşıl enerji güclərini təqdim etmək imkanı qazanacaq.

"Bu isə qarşıdakı illərdə ölkəyə yaşıl investisiyanın cəlbinə, yaşıl iqtisadiyyatın inkişafına, eləcə də yaşıl enerji sahəsində beynəlxalq ixrac qabiliyyətinin artırılmasına təkan verəcək”.
 

0