Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin məhkəmə prosesinin növbəti iclası keçirilib.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Araz Hüseynli vəsatət qaldırdıqları şahidlər- Bakı Şəhər Halqası Şirkətinin Təchizat Şöbəsinin müdiri Zaur Məlikaslanov və Çingiz Mehdiyevin müavini olan Urfan Tağızadənin dindirilməsini istəyib.
Vəkil əlavə edib ki, Bakı Şəhər Əməliyyat Halqasının sabiq rəhbəri, keçmiş Gənclər və İdman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun da şahid qismində dindirilsin.
Dövlət ittihamçısı Orxan Səmədov əgər zərurət varsa Arif Rəhimovun şahid qismində dindirilməsinə etiraz etməyib.
Məhkəmə müşavirəsi əsasında vəsatətlərin baxılmamış saxlanılmasına qərar verilib.
Hakim şahid qismində dəvət olunan Urfan Tağızadənin xaricdə olduğunu bildirərək gətirilməsinin mümkün olmadığını bildirib. Digər şahidin isə ifadəsinin elan olunmasını təklif edib.
Vəkil Araz Hüseynli isə Zaur Məlikaslanovun məcburi gətirilməsini istəyib. Vəkilin vəsatəti bu hissədə qəbul edilib.
Daha sonra sənədlərin tədqiqi prosesinə başlanılıb.
Məlum olub ki, Arif Rəhimov və Fərid Allahverdiyev barəsində cinayət işinin başlanılmasına dair qərar ibtidai istintaq dövründə rədd edilib.
Daha sonra məhkəmə, Formula 1-ə xidmət göstərməsi üçün kran və digər maşınları gətirən şirkətlərin VÖEN hesabları olmamısının və onlara ayrılan vəsatətin Çingiz Mehdiyevin sürücüsü Mais Abdullayevin hesabına köçürülməsinin səbəbini izah etməsini istəyib.
Sədr əlavə edib ki, ibtidai istintaq materiallarına əsasən həmin pullar Çingiz Mehdiyevin evinə aparılıb.
Vəkil prosesin tezləşdirilməsi üçün vəsaitin hüquqi şəxsin hesabına köçürüldüyünü söyləyib. Müxtəlif şirkətlərlə müqavilə bağlanılmasının və vəsatət köçürülməsinin zaman aparacağını bildirib.
O, əlavə edib ki, Formula 1 yarışına hər ay 150 milyon manat pul ayrılır. Çingiz Mehdiyevin şöbəsinə ayrılan vəsait isə bunun 0,6 faizini təşkil edir.
Bildirilib ki, həmin dövrdə Çingiz Mehdiyev məbləğin bir qismini Estoniyadakı hesablarına köçürüb. Bank köçürülmüş məbləği şübhəli hesab edib köçürülməyi dayandırdıqdan sonra, o, qalan pulu Kiprdəki hesabına köçürüb.
Vəkil Araz Hüseynli əvvəl verdikləri bir vəsatətin də baxılmasını məhkəmənin nəzərinə çatdırdı. Belə ki, 2015-2020-ci illərdə Hesablama Palatası Bakı Şəhəri Halqası şirkətində audit hesabat keçirib. Vəkil həmin hesabatın onlara təqdim olunmasını istədi. Hakim Leyla Əsgərova-Məmmədova vəkilin verdiyi vəsatətin növbəti proseslərdə baxılacağını bildirdi.
Məhkəmə prosesi dekabrın 16-da davam etdiriləcək.
Qeyd edək ki, ittihama görə, Çingiz Mehdiyev Formula 1 yarışları ərəfəsində marşallar üçün geyim, ləvazimat, yağçəkən parçalar və digər əşyaları sifariş verərkən malların qiymətini süni şəkildə artırıb. Həmçinin dövlət büdcəsindən ayrılmış pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb. Qiymət şişirtməsi nəticəsində əldə edilmiş pullar isə qəsdən mənimsəyib.
Çingiz Mehdiyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 12.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü ( vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Həmçinin 1 milyon manata yaxın qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub.
Xatırladaq ki, istintaq dövründə Ç.Mehdiyev mənimsədiyi məbləğin 100 min manatını dövlət büdcəsinə geri ödəyib.