"Son vaxtlar məktəblərdə bullinq halları çoxalıb. Bir çox məktəblərdə davamlı olaraq xoşagəlməz hallar yaşanır. Bunun səbəbi uşaqların valideyn nəzarətindən kənarda qalaraq bütün günü telefon və planşetlə oynaması, bu oyunların onların psixikasında gərginlik yaratması, uşaqların sosial şəbəkələrdə yaşlarına uyğun olmayan videoları izləməsi, həmçinin, telekanallarda, İnternetdə yaşlarına uyğun olmayan digər görüntüləri izləməsi, cəmiyyətdə gördükləri aqresiyaların onların xarakterinə təsiri v.s. Deyəsən “Məktəblinin dostları” da heç bunun qarşısını ala bilmədi".
Bu sözləri Hit.az-a təhsil eksperti İlham Əhmədov deyib.
O bildirib ki, bu problemləri məktəblərin öz gücünə həll etməsi çətindir, bu problemlər cəmiyyətdən məktəbə keçib. Uşaq hüquqları sahəsində mövcud problemlərin aradan qaldırılması üçün konsepsiyanın hazırlanması lazımdır. Bu konsepsiyanı təbii ki, məktəblər hazırlaya bilməz. Bu elmi problemdir: "Bu problemin həlli üçün alimlərdən ibarət bir qrup yaradılmalı, müəyyən müddət ərzində beynəlxalq təcrübə öyrənilməli, məktəblərdə bulinq halları öyrənilib, təhlil edilməli, məktəb psixoloqu, şagirdlər və müəllimlərlə söhbətlər aparılmalıdır. Bütün bunların əsasında müəyyən bir konsepsiya hazırlana bilər".
Ekspert hesab edir ki, bulinqin qarşısını almaq üçün valideynlərin iştirakı ilə təlimin keçirilməsi səmərə verməz. Çünki, ETN-nin təşkil etdiyi təlimlərlə ölkədə olan milyonlarla valideyni əhatə etməyə 30-40 il vaxt lazım olar.
Yaxşı olardı ki, bu məqsədlə ANTİBULLİNQ” adlı portal yaradılsın. Bu portalda valideyn və şagirdlər üçün maarifləndirici videolar, məqalələr, tövsiyyələr verilərdi, qısamüddətli distant təlim kursları yerləşdirilərdi. Belə işin əhatə dairəsi və səmərəsi daha çox, xərci isə dəfələrlə az olardı. Məncə, xərclərin rasionallaşdırılması, belə layihələrdə olmalıdır.
Həmsöhbətimiz xüsusi olaraq bildirib ki, bu gün təhsil sistemində bullinqlə şagirdlərdən çox, müəllimlər rastlaşır: "Əvvəllər tərbiyəsiz şagird və ya onun mədəniyyətsiz valideyni müəllimə qarşı hörmətsizlik, zorakılıq, xoşagəlməz hərəkət edirdi. İndi belə hallar genişlənib. Kimlərsə dim müəllimləri stressdə saxlamaq istəyir, onları hörmətdən salmağa çalışılırlar. Son illər müəllimlərin nüfuzdan salınması adi hal olub. Müəllimə indi məktəbdə hamı nəzarət edir, ağıl verir, yol göstərir, stressdə saxlamağa cəhd edirlər. Müəllimlər savadsızdır, filan sözü yaza bilmir, filan əməli edə bilmir və s. Bunu deyən məmurlar bilməlidir ki, müəllimin etdiyi bu səhvlərin xeyli hissəsi məhz ETN-nin ayağına yazılmalıdır. Müəllimlər hansısa sözləri səhv yazırsa, onda o, orta məktəbi necə bitirib, necə attestat alıb, necə universitetə daxil olub, oxuduğu müddətdə 40-45 fəndən imtahanı necə verib, necə diplom alıb, işə necə düzəlib? İşlədiyi müddətdə ona niyə nəzarət olunmayıb? Niyə həmin müəllimlər davamlı olaraq keyfiyyətli ixtisasartırma və təkmilləşdirmə kurslarına göndərilməyib.
Müəllimləri təkmilləşdirmə İnstitutlarını niyə ləğv ediblər? Bu nə məqsədlə edilib? Müəllimləri savadsızlaşdırmaq kimlərə lazım idi?
4 il universitetdə bir şey öyrənə bilməyən müəllim, 2 həftəlik keyfiyyətsiz kursda nə öyrənə bilər? 12 illik təcrübə göstərdi ki, ETN məmurlarına yaxın olan, təsadüfi şirkətlərin keçirdiyi təlimlərin heç bir səmərəsi yoxdur. Əgər ETN həqiqətən məllimlərin inkişafında maraqlıdırsa, onda müəllimlərin təkmilləşdirmə institutlarını bərpa etməli, təkmilləşmə kurslarının əsas hissəsini də distant təhsil formatında etməlidirlər. Bu gün bütün dünya belə işləyir, bizim menecerlər isə hələ də velosiped kəşf etməklə məşğuldurlar. Ancaq bütün bu işləri indiyə qədər etdikləri kimi yox, daha peşəkar səviyyədə icra etmək lazımdır, təsadüfi adamlarla yox.
Deyirlər ki, müəllim sertifikasiyadan keçməsə onun “müəllimlik adı” əlindən alınacaq, bu peşə ilə məşğul olmaq ona qadağan ediləcək. Müəllimi hörmətdən salmaq lazım deyil. Hansı peşə sahibinə qarşı belə hərəkət edilir görəsən? Cinayət edən həkimin peşəsi ona qadağan edilmir, sadəcə cəza verilir, sonradan o, yenidən öz peşəsini davam etdirir.
Test imtahanından kəsilən müəllimlərə qarşı bir kompaniya var. Əslində testlərin məzmunu, keyfiyyəti və imtahanın təşkili ilə əlaqəli çox suallar var ictimaiyyətdə, bu barədə sosial şəbəkələrdə kifayət qədər faktlar səsləndi, müzakirələr oldu. Belə müəllimlərin hüquqi var ki, nazirliyi məhkəməyə versin. “Təhsil haqqında qanun”da yazılıb ki, keyfiyyətsiz təhsilə görə vətəndaş məhkəməyə müraciət edə bilər. ETN-nin 30 il ərzində verdiyi keyfiyyətsiz nəticəsidir yaranmış durum. Vətəndaş da deyə bilər ki: “ETN-nin verdiyi keyfiyyətsiz təhsil səbəbi ilə sertifikasiyadan (ya MİQ-dən) kəsilmisəm, mənim oxuduğum illərimin və ödədiyim təhsil haqqının kompensasiyası nazirlik mənə geri ödəsin”.
5000 müəllimi işdən çıxarıblar. O müəllimlərin bu gün psixikasi nə haldadır, ailədə, qonşuluqda, keçmiş şagirdlərin gözündə nə durumdadırlar onlar? Bunu düşünən yoxdur. Təhsilin və məktəbin əsas siması müəllimdir, onu qorumaq lazımdır. Bəs müəllim haqqında ümummilli liderin dediyi bu sözü nə tez unutduq? “Mən müəllimdən yüksək ad tanımıram” (Heydər Əliyev)".
Həmsöhbətimiz onu deyib ki, Elm və Təhsil Nazirliyi indi də alimləri də hədəf götürüb. Səbəb indi məlum oldu. Elmi dərəcəyə görə verilənpulları kəsəcəklərmiş.
"Alimləri savadsız adlandırırlar. Anlamaq olmur, nazirlik alimlərin, müəllimlərin işinə kömək olmaq, onların mənafelərini müdafiə etmək əvəzinə, onları nüfuzdan salır. Əgər alim savadsızdırsa, o necə ali təhsil alıb, necə doktoranturaya qəbul olunub, necə müdafiə edib, necə dissertasiyasını təsdiq ediblər, AAK niyə zəif işi təsdiq edib? Belə çıxır ki, müvafiq qurumlar saxtakarlıq ediblər illər ərzində. Əgər bu belədirsə, həmən qurumlar niyə məsuliyyət daşımır, cavabdeh yalnız müəllim və alim olur?
"Azərbaycanın bugünkü uşaqlarının istər oxu, istər yazı, istər digər bacarıqları birmənalı olaraq yaşlı nəsildən daha yaxşıdır. Kifayət qədər bacarıqlı, hazırlıqlı bir nəsil yetişir. " (Elm və təhsil naziri Emin Əmrullayev)
Əgər həqiqətən belədirsə, onda niyə şagirdlərin PİSA qiymətləndirməsi nəticəsi pisdir? Niyə 60 % məzun universitetə qəbul zamanı 250 baldan da az yığır? Müəllimləri aşağıladılar, alimləri aşağıladılar, 25 yaşdan yuxarı əhali oxuduğunun 60 % dərk etmir dedilər, aşağıladılar, indi də yaşlı nəslə hücum etmək istəyirlər?
Bu gün təhsilimizdə dərin böhran var, bu haqda 10 illərdir mətbuat yazır, hamı bundan danışır. Nazirlik isə bu problemləri illərdir ki, həll edə bilmir. Təhsili böhran vəziyyətindən çıxarmaq əvəzinə günahkarlar axtarırlar, özü də kənarda..
Sevinc