Gözümü açandan bu məhəllənin necə böyük ürəyi olduğuna şahidlik etmişəm. “Kubinka”nı deyirəm, işıqlı Bakının göbəyində yerləşən qaranlıq məkanı...
Burada həmişə alver və bazar olub.
Kimi halal, kimi də haram yolla bir tikə çörəyini qazanıb. Ağlınıza gələn və gəlməyən hər şey satılıb, bu məhəllədə.
“Kubinka” kimi məhəllələrdə adam satmaq, gəlin getdiyin evdən geri qayıtmaq o qədər də xoş qarşılanmır. Burada gənc oğlanlar “içəri” düşdün, ad vermə”, qızlar isə “ər evindən kəfənsiz çıxma” kimi çürük mental-kriminal difiramblarla tərbiyə edilib və zaman-zaman gənc oğlan və qızların şüuruna yeridilən bu sözlər ehkama, şəxsi və ictimai davranışı təyin edən mənəvi-əxlaqi prinsiplərin sırasına soxuşdurulub. Namus və qeyrət meyarı kimi qəbul edilib. Elə bu səbəbdəndir ki, “Kubinka”da bir çox oğlan atasının, bir çox qız isə anasının taleyini yaşamalı olub.
Onlar üçün mental-kriminal qaydalarla tənzimlənən davranış “Kubinka”nı qaranlıq talelərin məskəninə çevirib.
Burda xoşbəxt ailələr barmaq sayı qədərdir. Bəlkə də buna görədir ki, “Kubinka”da havadan kədər qoxusu gəlir.
Təsəvvür edin, buranın sakinləri kiməsə övladı ali məktəbə daxil olduğuna görə yox, həbsdən çıxdığına görə gözaydınlığı verir. Bu məhəllədə beş evdən, üçündə dustaq ailəsi yaşayır. Kiminin oğlu, kiminin əri, kiminin qızı, nəvəsi və hətta gəlini məhəllə sakinlərinin təbirincə desək, “içəridədir”.
Kubinkanın acı reallığı ilə barışmayanlar, insanları xoşbəxt gələcəyə deyil, bədbəxtliyə düçar edən qaydaları qəbul etməyənlər buranı tərk etmək üçün çıxış yolları axtarır. Tapan tapır, tapa bilməyənlər isə yaşamağa deyil, savaşmağa davam edir. Nəticədən asılı olmayaraq...
Bəzən mənə deyirlər ki, üzündə təbəssüm olsa da, gözlərində dərin kədər var. “Kubinka”da doğulan uşaqların gözləri gülmür, atam balası.
Buranın bayramları belə, kədərlidir. Gözlər qapıda, qulaqlar səsdə, könüllər həsrətdədir. Bəzən bayramlara nifrət duyulur...Bayram süfrəsinə əyləşmək ən ağır əzab kimi gəlir adama...Yenə kimsə yoxdur, yenə kimsə həbsdədir. Özəl günlər də belədir. Yanın boşdur...
Bu acı həqiqətlərə görə bəzən “buranı görüm xaraba qalsın” deyərək “Kubinka”nı günahkar çıxarırlar. Tək arzuları evlərin sökülməsi, “Kubinka” adlanan ərazinin yaddaşlarından silinməsidir, burada aldıqları travmaları ilə birlikdə.
Amma bu acı reallığı elə burada yaşayanların özlərinin yaratdığını demirlər, demək istəmirlər. Bu barədə ümumiyyətlə düşünmək istəyən ya çox azdır, ya da ümumiyyətlə yoxdur. Əslində, bu yanaşma ümidlərin qətl edilməsidir. Mən isə hər şeyə rəğmən ümidliyəm. İnanıram ki, bir gün “Kubinka” üçün Günəş doğacaq. Burada gələcəyə ümidlə baxan, acı reallıqların səbəbini doğru anlayan insanlar da xoşbəxt olacaq. Yaraları, yarımçıq, yarıcan həyatları olmuş olsa da belə...
Həyat bunu onlara borcludur. Ən içdən gülümsəməni etmədən bu dünyadan köçmələri haqsızlıq olar. Ümidli olmağım səbəbsiz deyil. “Kubinka”dan təkcə narkoman, oğru, qatil çıxmayıb axı. Bu məhəllə şairlər, bəstəkarlar, müəllimlər, mühəndislər, rəqqaslar, müğənnilər də yetişdirib. Hər bir çətinliyə rəğmən onlar qaranlıqdan çıxa bilib. Deməli, hər şey özümüzdən asılıdır. Mən buna inanıram, siz də inanın. Əziz və doğma yol yoldaşlarıma bakılı qızdan sevgilərlə.
Fatimə Qəmbərli