"Media savadlılığı dövlətin, ictimaiyyətin və bütün media personalının peşə maraqlarına uyğun vacib bir maarifləçilik məsələsidir".
Bu sözləri "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, media savadlılığı cəmiyyətin dürüst və obyektiv informasiyalarla təminatıdır:
"Üstəlik, media savadlılığı cəmiyyətin inkişafında və dövlətin normal fəaliyyətində doğru informasiyaların nə qədər böyük rola malik olmasına lazımi qiymətin verilməsidir. Bu, olduqca böyük maarifçilik işidir. Ümumiyyətlə, informasiya məlumatlarına şəffaf və intensiv çıxış olmalıdır. Buna görə də media savadlılığı olduqca vacibdir".
Aydın Quliyev vurğulayıb ki, media savadlılığı cəmiyyətinin informasiya təhlükəsizliyi deməkdir:
"Yəni media savadlılığı dövlətin və ictimai mənafelərin hansı informasiyalara daha çox ehtiyac duyduğunun cəmiyyət və media orqanları tərəfindən dərk olunmasıdır. Cəmiyyəti və dövləti təhlükəli informasiyalardan qorumaq üçün maarifləndirmə işləri aparılmalıdır.
Nəzərə almaq lazımdır ki, media savadlılığı cəmiyyətin doğru informasiya ilə yalanı ayırmaq və dərhal onun təsirinə düşməmək bacarığıdır. Bütün cəmiyyətlər belə bacarığa ehtiyac duyurlar. Alınan informasiyanın təsirinə dərhal düşən cəmiyyətlər isə öz təhlükəsizliklərini qurban verirlər".
Aydın Quliyev qeyd edib ki, bizə media savadlılığını dərk edən cəmiyyət lazımdır:
"Çünki belə cəmiyyət həm kənardan gələn ziyanlı informasiyanın təsirindən qorunur, həm də dövlətin mənafeyini lazımi səviyyədə qoruya bilər. Eyni zamanda, media savadlılığı olan yerdə dövlət və ictimai mənafelərimizə uyğun doğru informasiyalar istehsal olunaraq, yayılar. Yəni media savadlılığı istər medianın, istər cəmiyyətin, istərsə də dövlətin təhlükəsizliyi üçün çox əhəmiyyətlidir".
Pərviz