Xarici İşlər Nazirliyi olmayan şirkəti tenderin qalibi elan edib (FAKT)

ÖLKƏ
19:12 / 28.05.2020
1872

XİN tərəfindən keçirilən dövlət satınalmalarında qanunsuzluqlar olub.

16.12.2019-cu il tarixində açıqlanan rəsmi məlumatda göstərilir ki, XİN tərəfindən keçirilən və ümumi dəyəri 44 min 874 manat 35 qəpik olan 7 tender müsabiqəsinin qalibi “Berkan LTD” MMC (VÖEN-1102080351) şirkəti olub.

Tender müsabiqəsinin maraqlı tərəfi odur ki, açıqlanan rəsmi məlumatda satınalınan iş və xidmətlərin “Berkan LTD” MMC tərəfindən 12.02.2019-cu il tarixindən icra olunacağı göstərilib.

Hit.Az yeniavaz-a istinadla xəbər verir ki, halbuki qeyd olunan tarixdə “Berkan LTD” MMC adlı şirkət mövcud olmayıb.

“Berkan LTD” MMC 04.07.2019-cu il tarixində dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı cəmi 10 manat olan “Berkan LTD” MMC –nin qanuni təmsilçisi Fərhadov Oruc Mürsəl oğludur. Qaradağ rayonu, Müşfiqabad ŞTQ, İzlivnoy, ev 47, m 12 ünvanında qeydiyyatda olan “Berkan LTD” MMC barədə açıq internet resurslarda heç bir məlumat yoxdur. Yalnız şirkətin qanuni təmsilçisi Fərhadov Oruc Mürsəl oğlunun adını müxtəlif məhkəmə çəkişmələrində görmək mümkündür.

XİN tərəfindən keçirilən digər tenderlərdə də yeni yaranan, təcrübəsiz şirkətlərlə müqavilə imzaladığı görülməkdədir. Məsələn, 11.02.2019-cu ildə dövlət qeydiyyatına alınan “Dızayn-R” MMC (VÖEN-8200279541) şirkəti cəmi 4 ay sonra - 03.06.2019-cu il tarixindən XİN-ə dəftərxana və təsərrüfat malları satmğa başlayıb. “Berkan LTD” MMC kimi “Dızayn-R” MMC barədə də açıq internet resurslarda heç bir məlumat yoxdur. Qeyd edək ki, açıq mənbələrdə adı keçən “Dizayn-R” MMC ilə XİN-in tenderində qalib olan “Dızayn-R” MMC fərqli şirkətlərdir.

0