Yeni ilə hansı psixologiya ilə başlamaq lazımdır?

ÖLKƏ
11:20 / 06.01.2025
117

"Yeni ilin başlanğıcı yalnız təqvimdə bir dəyişiklik deyil, həm də həyatınızda yeniliklər yaratmaq üçün fürsət deməkdir". 

Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, insanlar ötən ildə məyus olduqları və ümidlərini doğrultmayan hadisələri analiz edə bilərlər:


"Keçmişlə bağlı narahatlıqları geridə buraxmaq gələcək planlarınızı daha aydın görməyə kömək edəcək. Real məqsədlər təyin etməklə də 2025-ci ilə sağlam psixologiya ilə başlaya bilərsiniz. Yeni ildə kiçik və icra edilə bilən hədəflər müəyyən etmək lazımdır".

Psixoloqun sözlərinə görə, böyük və qeyri-real məqsədlər məyusluq yarada bilər:


"Lakin buna baxmayaraq, kiçik uğurlar motivasiyanızı artıracaq və daha böyük hədəflərə doğru aparacaq. Həmçinin, fiziki sağlamlıq da psixoloji rifahın təməlidir. Ona görə də düzgün qidalanma, müntəzəm idman və kifayət qədər yuxu ilə balans yarada bilərsiniz. Unutmayın, sağlam bədən, sağlam zehnin də dəstəkçisidir". 

Ülviyyə İlqar diqqətə çatdırıb ki, yeni ildə ruhən zənginləşmək üçün hər gün özünüzə zaman ayırmağa çalışın:


"Məsələn, meditasiya və dərin düşüncə ilə daxili balansınızı qoruya bilərsiniz. Bunları etməklə daxili səsinizi dinləmək və özünüzü daha yaxşı başa düşmək üçün imkan yaranacaq. 

Ümumiyyətlə, yeni bir ilə başlayarkən yeni əlaqələrə və təcrübələrə açıq olmaq da çox əhəmiyyətlidir. Çalışın daha cəsarətli addımlar atın və komfort zonanızdan çıxın. Çünki yeni insanlar və təzə imkanlar həyatınıza rəng qata, habelə sizi fərqli perspektivlərə yönəldə bilər. Nəticədə, düzgün psixologiya və sağlam yanaşma ilə həm ruhən, həm də fiziki olaraq daha güclü hiss edəcəksiniz".

Pərviz

0