Bu il qış ayları nisbətən mülayim keçir.
Yəni əvvəlki illərlə müqayisədə havanın temperaturunun normanın üzərində olduğunu görürük. Həmçinin, qış ayları olmasına baxmayaraq, qar da yağmır. Hətta bu fəsildə havanın yağmurlu olduğu günlərin belə sayı kifayət qədər azdır.
Dekabr və yanvarda havanın mülayim keçməsindən sonra fevralda bizi nə gözlədiyi maraq doğurmağa başlayıb. Gələn ay bol miqdarda yağışın və hətta qarın yağıb-yağmayacağı isə maraqla gözlənilir.
Maraqlıdır, fevralda ölkəmizdə qar yağışı proqnozlaşdırılır?
Mövzu ilə bağlı "Biosfer" İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Hit.az-a açıqlama verib. O bildirib ki, ötən ilin oktyabr, noyabr və hətta dekabr aylarında Azərbaycanda yağışlı havanın olduğu günlərin çox olması yaxşı idi:
"Lakin təəssüf ki, ölkəmizdə dekabr və yanvar aylarında qar yağışı çox az oldu. Ümid edirəm ki, məmləkətimiz fevral ayında qarı görəcək. Yəni mən gələn ay qar yağışı gözləyirəm.
Yanvar ayı olduqca mülayim və quraq keçdi. Bu ayda ölkə üzrə yağıntının miqdarı da az oldu. Düzdür, Bakı, Quba, Xaçmaz və bəzi bölgələrə yağıntı düşdü. Lakin Aran rayonlarımızda yağıntı çox az oldu".
Mütəxəssis fevral ayından gözləntilər barədə də danışıb:
"Ölkəmizdə fevral ayının birinci 10 günlüyündə və sonuna doğru yağıntılı hava gözlənilir. Ümid edirəm ki, elə də olacaq. Ümumiyyətlə, ölkə üzrə qarın yağması çox yaxşı olar.
Çünki dağlarınızda qar ehtiyatı azdır. 2024-cü ilin əvvəlində və sonunda bir qədər yağıntılı hava oldu. Lakin 2025-ci ildə arzuladığımız qədər yağıntılı hava şəraiti olmayıb. Lakin fevral ayında bunu görəcəyimiz proqnozlaşdırılır".
Pərviz