Məktəb ləvazimatlarının qiymətləri zaman-zaman müzakirə mövzusuna çevrilir.
Xüsusilə dərs ilinin əvvəlində bu qiymətlərin kifayət qədər baha olduğunu görürük. Digər aylarda bu qiymətlər tələbatın azalması ilə aşağı düşsə də, yenə də müəyyən qədər baha olur. Hətta valideynlər məktəb ləvazimatlarının qiymətlərinin yüksək olmasından gileylənirlər.
Ümumiyyətlə, məktəb ləvazimatları nə üçün bahadır? Buna qarşı hansı addımlar atıla bilər?
Mövzu ilə bağlı iqtisadçı ekspert Elçin Rəşidov Hit.az-a açıqlama verib. O bildirib, məktəb ləvazimatları həqiqətən də bahadır:
"Üstəlik, dünyada da son vaxtlarda dərs üçün lazım olan məhsullarının qiymətləri qalxır. Bu, ölkə daxilinə də təsir edir. Lakin həmin qiymətlər bir çox valideyin üçün əlçatmazdır. Təbii ki, bunun fəsadları yaranır. İnsanlar uşaqlarını ehtiyac olunan məktəb ləvazimatları ilə təmin edə bilmirlər. Bu isə uşaqlarda narazılıq və sosial təzyiq yaradır. Həmin materialların alınmaması şagirdin inkişafında da fəsadlara yol açır".
Mütəxəssis buna qarşı atılacaq addımlar barədə təkliflərini verib:
"Düşünürəm ki, valideynlərə xüsusi kartlar verilə bilər. Həmin kartlar vasitəsilə sadəcə məktəb ləvazimatlarının alınması mümkündür. Həmçinin, bunu ünvanlı yardım sosial kimi yalnız ehtiyacı olanlara yönəltmək olar. Bundan başqa, məktəb ləvazimatlarını vergidən azad etmək və ya onlar üçün əlavə subsidiyaların verilməsi də mümkündür".
Pərviz