Niyam Salaminin 500 minlik qalmaqalı: Müğənni saxta sənədlərlə aldadıldığını iddia edir

ÖLKƏ
17:14 / 29.01.2025
119

Adı 21 800 manat dəyərində kömür məhsulunu mənimsəməkdə hallanan müğənni Niyam Salaminin 500 000 manat borcunu ödəyə bilmədiyi üçün keçmiş şəriki tərəfindən məhkəməyə verilməsi ilə bağlı məsələnin bəzi təfərrüatı məlum olub.

 

Oxu.Az-a açıqlama verən N.Salaminin vəkili Azər Xudiyev qarşı tərəfin iddialarının doğru olmadığını bildirib.

 

Hüquqşünas N.Salaminin məhkəmədə imzasını əvvəlcə təsdiq edib, sonra isə dəyişdirdiyi ilə bağlı iddiaların qətiyyən doğru olmadığını, birinci instansiya məhkəməsində və apellyasiya şikayəti zamanı şahidlərin dindirilməsi və imzanın düzgünlüyünün yoxlanması üçün texniki ekspertizaya göndərilməsi üçün vəsatət qaldırdıqlarını bildirib:

 

"Birinci instansiya məhkəməsində də biz şahidlərin dindirilməsini tələb etdik və vəsatət qaldırdıq ki, kağızın üzərindəki xətt texniki ekspertizaya göndərilsin. Həmin vaxtı Niyam bəyin hüquqi işlərini görən Xətai adlı şəxs, soyadını bilmirəm, üç-dörd ədəd A4 formatındakı ağ, boş kağıza imza atdırıb Niyam bəyə. Bu barədə o özü apellyasiya məhkəməsində də ifadə verdi, hətta dedi ki, biz müğənnilərlə işləyirik deyə üç-dörd ağ vərəqə imza atdırırıq ki, özləri burada olmayanda, qastrol səfərində və ya toyda olanda restoran işində onun əvəzindən müqavilələrin üstünü yazırıq, doldururuq, bağlayırıq. Xətai bəy işdən ayrılanda isə Niyam bəyin bütün sənədləri ilə birlikdə bu imzalı boş kağızları da verib Tural bəyə. Sonradan Tural götürüb Niyamın adından həmin o imzalı ağ kağızın üzərinə öz istədiyi kimi mətn yazıb ki, "500 000 manat almışam və mən onu aybaay qaytarmağı öhdəmə götürürəm". Bu, tamamilə cəfəngiyyatdır, əsassızdır".

 

 

 

A.Xudiyev onu da vurğulayıb ki, Şirvan Kommersiya Məhkəməsi onların qaldırdıqları vəsatəti qəbul etməyib:

 

"Bizim ekspertiza və şahidlərin dindirilməsi ilə bağlı vəsatətimiz qəbul edilmədi. Biz də apellyasiya şikayəti verdik və apellyasiya şikayəti zamanı hakimlərin nəzərinə çatdırdıq ki, şahidlərimiz var. Həmin məhkəmədə Niyam bəyin əvvəlki vəkili Xətai özü və guya 500 000 manatlıq müqavilə imzalananda orada olduqları deyilən şahidlər də iştirak edirdilər və şahidlər müqavilə ilə bağlı deyilənlərin tamamilə əsassız olduğunu söyləyərək, bildirdilər ki, Niyamın yanında ancaq icarə müqavilələri imzalananda olublar və onların yanında Niyam ancaq ağ kağıza imza atıb.

 

Hakimlər də belə qərara gəldilər ki, bu məsələ şübhə doğurduğu üçün iş texniki ekspertizaya getməlidir. Beləcə, apellyasiya məhkəməsində vəsatətimiz təmin olundu və materiallar ekspertizaya göndərildi. Hazırda xəttin müəyyənləşdirilməsi texniki ekspertizada olduğu üçün biz cavab gözləyirik. Yəni bu proses bağlanmayıb, davam edir", - deyə hüquqşünas bildirib.

0