Təkcə bir ildə bank kartlarından 22 milyon oğurlayıblar

ÖLKƏ
16:00 / 05.02.2025
55

Xarici kibermüdaxilələrlə 2024-cü ildə 16 804 fakt üzrə vətəndaşlar aldadılaraq bank kartlarından 22 milyon (22 442 838) manatdan artıq vəsait talanıb.

HİT.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ötən il ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsul vasitələrlə saxta link-keçidlərlə 1027 fakt üzrə 2 043 896 manat, alış-veriş səhifələrində elana görə zəng edib şəxsi məlumatları əldə etməklə 411 fakt üzrə 1 196 786 manat, özünü bank əməkdaşı kimi təqdim edib şəxsi məlumatları əldə etməklə 290 fakt üzrə 598 048 manat, mobil telefona kibermüdaxilə yolu ilə 185 fakt üzrə 311 728 manat, bankomatdan pul çıxarılmasına kömək adı ilə 178 fakt üzrə 92 630 manat, oğurlanmış və itirilmiş kartdan 307 fakt üzrə 101 398 manat pul vəsaiti onlayn talanıb.

İnternet resurslarında vətəndaşları aldatmaqla, lotoreya, qumar oyunları və digərlərində qazanc əldə edəcəyi vədi ilə 471 fakt üzrə 2 450 403 manat, alış-veriş saytlarında müxtəlif əşya satışı ilə bağlı 626  fakt üzrə 292 344 manat, telefon satışına görə 292 fakt üzrə 116 219, avtomobil satışına görə 100 fakt üzrə 121 640 manat, işə düzəldəcəyi vədi ilə 336 fakt üzrə 470 734 manat, kredit vədlərinə görə 501 fakt üzrə 139 600 manat, kirayə ev, avtomobil və digər xidmətlərə görə 343 fakt üzrə 82 370 manat olmaqla, digər vasitələrlə 10 000-dən artıq fakt üzrə müxtəlif məbləğlərdə pul vəsaitləri xaricdən idarə olunmaqla başqa-başqa xarici hesablara köçürülüb.

“Hər bir fakt üzrə aparılan təhlillər və araşdırmalar göstərir ki, aşkar bilinən kibertalama cinayətləri vətəndaşın bank kartına aid şəxsi məlumatların xaricdə olan naməlum şəxslər tərəfindən ələ keçirilməsi nəticəsində baş verib. Saxta xarici nömrələrdən, profil və səhifələrdən naməlum şəxslərin tələblərinə, təkliflərinə, vədlərinə inanan bank kart sahibləri onunla danışan, yazışan naməlum şəxsin niyətlərini yoxlamadan, araşdırmadan şəxsi məlumatlarını veriblər, şübhəli linklərə keçid ediblər.

Qeyd olunanları nəzərə alaraq, bir daha vətəndaşlara çağırış edirik, şəxsi məlumatları, bank kartı ilə əlaqəli onlayn ödənişlər üzrə – mədaxil və məxarici həyata keçirərkən diqqətli olsunlar, şübhə yaradan bütün təkliflərə ehtiyatla yanaşsınlar, naməlum zənglərə, mesajlara cavab verməsinlər, şübhəli linklərə keçid etməsinlər”, - açıqlamada vurğulanıb.

0