“Son illər təhsil sahəsində rəqəmsallaşma sürətlə gedir. Elm və təhsil nazirinin məktəblərdə kağız jurnalların elektron formata keçiriləcəyi ilə bağlı açıqlaması bu prosesin tərkib hissəsidir. Amma təbii ki, hər yenilik kimi bu keçid də müəyyən çətinliklər yaradacaq”.
HİT.az xəbər verir ki, unu Modern.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib.
Onun sözlərinə görə, burada ilk olaraq müəllimlərin yeni sistemə uyğunlaşması məsələsi var:
“Dünya təcrübəsi göstərir ki, rəqəmsal sistemlərin uğurla tətbiq olunması üçün müəllimlərə ilkin təlimlər keçirilməlidir. Məsələn, Estoniyada müəllimlər məcburi rəqəmsal bacarıq kurslarından keçiblər və nəticədə bu keçid problemsiz baş tutub. Bizdə də oxşar model tətbiq olunarsa, adaptasiya prosesi daha rahat olar.
İkinci məsələ texniki infrastruktur və internetə çıxışdır. Böyük şəhərlərdə problem olmasa da, bəzi bölgələrdə internetin zəif olması müəllimlərin sistemdən rahat istifadə etməsinə mane ola bilər. Məsələn, Sinqapurda məktəblər üçün xüsusi sürətli internet şəbəkəsi yaradılıb və müəllimlərə lazımi texniki dəstək göstərilib.
Düzgün tətbiq olunarsa, elektron jurnallar müəllimlərin iş yükünü azaldacaq. Finlandiya təcrübəsi göstərir ki, rəqəmsal jurnallar yalnız qiymətləndirmə üçün yox, eyni zamanda dərs planlaması və analitik hesabatların avtomatik hazırlanması üçün də istifadə edilir. Əgər sistem səmərəli qurulsa, müəllimlər kağız işləri ilə məşğul olmaqdan xilas olub daha çox dərsin keyfiyyətinə fokuslana biləcəklər”.
Günay Ələkbərova qeyd edib ki, ən vacib məqam müəllimlər üçün istifadəçi dostu və sadə sistemin hazırlanmasıdır:
“Yəni, elə bir platforma olmalıdır ki, müəllimlər əlavə vaxt itirməsinlər və rahat şəkildə istifadə edə bilsinlər. Bundan başqa, praktiki təlimlər və texniki dəstək komandası yaradılmalıdır. Böyük Britaniyada bu sistemlər tətbiq ediləndə məktəblərdə xüsusi dəstək qrupları yaradılıb. Müəllimlər bir çətinliklə qarşılaşanda dərhal kömək ala biliblər. Azərbaycanda da belə bir yanaşma olarsa, bu keçid daha rahat baş tutar.
Şübhəsiz ki, bu addım təhsil sistemində irəliləyişə səbəb olacaq. Amma bunun uğurlu olması üçün müəllimlərə praktiki dəstək verilməli, sistem istifadəçi dostu olmalı, yerindən asılı olmayaraq internet problemi həll edilməli və məlumat təhlükəsizliyi təmin olunmalıdır. Əgər bunlar nəzərə alınarsa, elektron jurnallar təhsildə yeni bir mərhələyə keçid üçün çox böyük imkanlar yarada bilər. Ümid edirəm ki, bu proses müəllimlər və şagirdlər üçün faydalı olacaq”.