Generalın vəsatəti, polkovnikin etirazı qəbul olunmadı - 143 milyonluq yeyinti işi

ÖLKƏ
14:14 / 18.02.2025
100

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Sonra hakim təqsirləndirilən şəxslərə hüquq və vəzifələrini izah edib.

Öz vəkilindən imtina edən Vüsal Əlizadəyə dövlət hesabına təyin edilmiş vəkil Fikrət İbrahimov təqdim edilib. Vüsal Əlizadə ona təyin edilmiş vəkilin müdafiəsindən yararlanmağa razı olub.

Bundan sonra isə Cəlal Kazımova dövlət hesabına təyin edilmiş vəkil Səadət Abdullazadə təqdim edilib. Cəlal Kazımov isə bu vəkilin müdafiəsindən yararlanmaq istəməyib, ona etiraz edib.

Hakim təqsirləndirilən şəxsə izah edib ki, xüsusilə ağır cinayətlərdə ittiham olunan şəxsin vəkillə təmin olunması məcburidir. Hakim etirazın qəbul edilmədiyini bildirib.

Daha sonra Vüsal Əlizadənin vəkili tərəfindən apellyasiya şikayətinə daxil edilən vəsatət elan edilib. Vəsatətdə qeyd olunub ki, onlar apellyasiya şikayətlərinə qismən məhkəmə istintaqı ilə baxılmasını istəyirlər. Vüsal Əlizadə həmin vəsatəti müdafiə edib.

Eyni vəsatətlə Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə də çıxış edib. O, apellyasiya şikayətlərinə məhkəmə istintaqı ilə baxılmasını istəyib. Qeyd edib ki, Bakı Hərbi Məhkəməsində ziyanın ödənilməsi üçün üzərinə həbs qoyulan əmlakların üzərindən həbsin götürülməsi, həmin əmlakların satılması, əldə olunan məbləğin ziyanın ödənilməsinə yönəldilməsi barədə vəsatət versələr də, onların bu vəsatəti təmin olunmayıb.

Təqsirləndirilən şəxslərin hər biri, onların vəkilləri, həmçinin maraqlı şəxslərin nümayəndəsi Əli Adıgözəlov apellyasiya şikayətlərinin məhkəmə istintaqı ilə aparılmasını istəyiblər.

Hakimlər heyəti ilkin məhkəmə baxışının qərarını qəbul etmək üçün müşavirə otağına yollanıblar.

Müşavirədən qayıdan hakimlər heyəti vəsatətləri təmin etməyib. Apellyasiya şikayətlərinin məhkəmə istintaqı aparılmadan məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.

Məhkəmə baxışı martın 10-na təyin olunub.

Qeyd edək ki, general Nizami Məmmədovun vəkilləri tərəfindən apellyasiya şikayəti verilib. Vəkillər onun cəzasının yüngülləşdirilməsini istəyiblər. Vəkillər Nizami Məmmədov tərəfindən dövlətə dəymiş ziyanın yarıdan çoxunun ödənilməsinin nəzərə alınmasını qeyd ediblər.

Bundan başqa, digər təqsirləndirilən şəxslərin də vəkilləri apellyasiya şikayəti veriblər.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramovun hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər.

İbtidai istintaq və məhkəmə dövründə dövlətə dəymiş ziyanın ödənilməsi üçün Nizami Məmmədov 12 milyon 415 min 194 manat, Vüsal Əlizadə 325 min, Cəlal Kazımov isə 186 min manat ödəniş ediblər. Həmin məbləğlərin dövlət büdcəsinə ödənilməsi üçün qərar qəbul edilib.

Eyni zamanda, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlaklar dövlətə dəymiş ziyanın ödənilməsinə yönləndirilməsi məqsədilə dövlət nəfinə keçirilməsi üçün müsadirə olunub.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə digər təqsirləndirilən şəxslərlə birlikdə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Təqsirləndirilən şəxslərin ümumi sayı 10-dan yuxarıdır. Onların barəsində olan cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

0