Bakı Ağır Cinayətlər Məhkəməsində talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi növbəti məhkəmə prosesi keçirilib.
Hit.az xəbər verir ki, prosesdə ötən məhkəmədə zərərçəkmiş Tural Nəsmiyevin Mərkəzi Gömrük Hospitalının tanınmış cərrahı Mir Cəlal Kazımi, Talassemiya Mərkəzinin direktoru vəzifəsində işləmiş Valeh Hüseynov və baş həkimi işləmiş Xuraman Cəfərovanın şahid qismində dindirilmələri ilə bağlı vəsatət müzakirəyə çıxarılıb. Cinayət işi üzrə zərərçəkmişlər, təqsirləndirilən şəxslər, onların müdafiəçiləri də vəsatətin təmin olunmasını istəyiblər. Dövlət ittihamçısı Fariz Rzayev də həkimlərin məhkəmə prosesində dindirilməsinə etiraz etməyib, qərarı məhkəmənin mülahizəsinə buraxıb.
Zərərçəkmiş T.Nəsmiyev adları çəkilən həkimlərin dindirilməsi ilə bağlı vəsatətin təmin olunmasının vacib olduğunu deyib: "Direktor və baş həkim hansı əsasla Aynur Bayramovanı Mərkəzə buraxıblar? Ona hər cür şərait yaradılıb. Bundan əlavə, mütəşəkkil dəstə yalnız bu üç qadından ibarət deyil. Bəllidir ki, onların arxasında duranlar var. Hamıya qaranlıq qalan hissənin aydınlaşması üçün bu şəxslərin dindirilməsi təmin edilsin.Təqsirləndirilən şəxslərin aralarında olan telefon danışıqları, səs yazıları çıxarılsın. Bu, digər dəstə üzvlərinin ortaya çıxmasına kömək edəcək. Pərdə arxasında kimlərdən təlimat alıblarsa onlar çıxarılsın üzə".
Hakim Azad Məcidov adıçəkilən həkimlərin ittiham tərəfinin şahidləri ifadə verdikdən sonra məhkəməyə çağırılıb dindiriləcəklərini bildirib.
Daha sonra prosesdə zərərçəkmiş Natiq Qubadov dindirilib. O, ifadəsində övladının talassemiyadan əziyyət çəkdiyini deyib:"Mənim övladım talassemiya xəstəsi idi. Mütəmadi olaraq qan vurulurdu. Qan vurulmazsa uşaqlar ölər. Türkiyəyə də alarmışdım, orada da müalicə etdirmişdim. Bu xəstəliyin bircə əlacı donor tapmaqdır. Uşağa ilik köçürülməli idi. 2022- ci ildə görüşdük, dedi qanı ver, axtarışa verək. Mayın axırında xəbər gəldi ki, donor tapılıb".
Zərərçəkmiş ifadəsinin davamında göstərib ki, uzun müddət dövlət orqanlarında işləməsinə baxmayaraq aldanıb, tora düşüb:"Özümü bağışlamıram, dövlət orqanlarında işləmişəm, mən bu dələduza aldanmışam. 15 min dollar vermişəm. Pulu verəndən sonra dedilər gələn ay uşaq gedir əməliyyata. Dörd ay keçdi, heç kimə dərdimi deyə bilmirəm, uşaq üçün 83 min lazım idi. Şükür Allaha, sonradan övladım əməliyyat olundu. Mən bu gün kirayədə qalıram. Evimi də satdım, övladımın yoluna qoydum. İnsan balasına görə hər şeyə gedir. Dəfələrlə Nuridənin qəbulunda olandq qızımın vidosunu göstərdim, dedim ki, uşaq qıvrılır yerində, mənim pulumu qaytar. Bunlar bahalı ofislər tuturdular, kef eləyirdilər orda. Mənim bütün nömrələrimi bloka atmışdı. Aynur da bunun yalançılığını eləyirdi. Hər ay yazırdı ki, gələn ay uşağın gedir. Bir il məni gözlətdilər. Mən hələ də borc ödəyirəm. Gündüz öz işimdə, gecələr də səhərə qədər taksidə işləyirdim ki, bu pulu düzəldə bilim. Biri var biznes məsələsi ola, onunla barışmaq olar. Amma biri də var, ağır xəstə körpələrin müalicə pulunu yemək. Bu elə belə məsələ deyil. Xahiş edirəm, bu işi araşdırın, istintaqa qaytarın, mən razı deyiləm istintaqın gedişindən. Bu kimdi axı, bunun havadarı kimdir, tapın çıxarın ortaya. And olsun Allaha əgər balam sağalmasaydı mən bəlkə də onu öldürərdim. Balamın sağalması bir az məni sakitləşdirdi".
Zərərçəkmiş Günay Ağayeva deyib ki, 9 yaşlı oğlu talasemiya xəstədir:" Aynurun vasitəsilə Akif hocanın qəbuluna düşdük, dedi donor tapmışıq. 25 min manat pul yığıb apardım verdim Nuridəyə. Dedi ki, dekabrda uşaq gedəcək əməliyyyata. Aldatdılar. Aynur bilirdisə Nuridə camaatı aldadır bizi niyə zülmə salırdı? Pulumu tələb edirəm".
Təqsirləndirilən Aynur Bayramova deyib ki, xəstələri N.Seyidovaya yönləndirdiyi üçün vicdan əzabı çəkir:" Mən bu xəstə uşaqların valideynlərinə baxanda vicdan əzabı çəkirəm. Mənim də xəstə balam var. Xəcalətimdən ölürəm. Mən bu valideynlərin pulunu yeməmişəm. Bunun arxasında duran iki kişi var. Mənə 20 il də iş versələr bu işin arxasında dayananı tapacağam".
Zərərçəkən Xəyal İsayev də anoloji ifadə verib. O, övladının müalicəsi üçün 30 min dollar verdiyini, pulun yarısını təqsirləndirilən Aysel Məmmədovanın dayısının qaytardığını deyib:"Yerdə qalan pulumu tələb edirəm. Aysberqin görünən hissəsidir bunlar. Bu pullar hara gedib? Nuridəni uşağı xəstə olan bir qadının vasitəsilə tanımışıq".
Məhkəmə prosesi fevralın 26-da davam edəcək.
Qeyd edək ki, Nuridə Seyidova “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi, A.Bayramova və A.Məmmədova isə işçiləridir. İş üzrə 36 nəfər zərərçəkmişə 1 milyon manata yaxın zərər dəyib.
Abbas