Kitab oxumağın psixologiyamıza hansı təsirləri var?

ÖLKƏ
14:48 / 21.02.2025
137

"Təəssüflər olsun ki, artıq əvvəlki dövrlərdə olduğu kimi kitab oxumağa maraq kifayət qədər böyük deyil".

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, indiki dövrdə bir çox insan kitabları telefondan oxumağa üstünlük verir:
"Həmçinin, kitab oxumayanların da sayı kifayət qədər çoxdur. Lakin stressli olduğumuz zaman da belə kitab oxumaq insana yaxşı təsir edir. Kitab oxumaq insanın zehni və psixoloji olaraq inkişaf etməsi üçün çox böyük əhəmiyyətə malikdir. İnsanlar onların marağını cəlb edəcək kitablara yönələ bilərlər. Unutmayın ki, idman, tarixi, psixoloji, bədii və ya hansı janrda olmasından asılı olmayaraq kitab oxumaq çox vacibdir".

Ekspert qeyd edib ki, kitab fərdin həyata baxış bucağını dəyişə bilər:
"Bu, ən önəmli faktorlardan biridir. Oxuduğumuz hər bir kitabda digər mövzulara doğru da baxış bucağımız dəyişməyə başlayır. Həmçinin, oxuduğumuz hər kitab xəyal dünyamızı genişləndirir və hədəflərimizi nisbətən daha dəqiqləşdirir. 

Nəzərə almaq lazımdır ki, xəyal qurmağın özü belə çox önəmli olduğu üçün uşaqlara nağıl kitabları çox oxumaq məsləhət görülür. Hansı ki, xəyal özü gələcəkdə hədəf və məqsədlərə doğru irəliləməyə kömək edir".

Psixoloq vurğulayıb ki, kitab oxumaq insanın ruhunu sakitləşdirir:
"Kitab oxumaq insanı stressdən də uzaqlaşdırır. Həmçinin, nitqimizi və yazımızı daha da səlisləşdirir. Eyni zamanda, kitab oxumaq insanın söz ehtiyatını zənginləşdirir və onu səbrli olmağa sövq edir. Çünki oxuduğumuz hər bir kitab zaman istəyir. Buna görə də bizə səbrli və təmkinli olmağı öyrədir. 

Bütün bunlara görə kitab oxumaq bizim psixologiyamızda çox önəmli faktordur. Üstəlik, kitab oxuyan və oxumayan arasında çox böyük fərq olur. Kitab oxuyan insanlar hansısa mövzuya bir neçə aspektdən yanaşırlar. Kitab oxumayan insanlar isə hər şeyə bir prizmadan baxırlar. Ona görə də ən azından kitab oxumağa gün ərzində zaman ayırmaq olduqca vacibdir". 

Pərviz

0