Məlum olduğu kimi DİM imtahanlar üçün dövlət rüsumlarını qaldırıb.
Belə ki, buraxılış imtahanına giriş qiyməti 20 manatdan 45 manata, blok imtahanı 40 manatdan 45/50 manata, altqrupu imtahanı 10 manatdan 20 manata, əlavə xarici dil imtahanı 10 manatdan 30 manatadək artırılıb.
Qiymət artımı abituriyentlər arasında narazılığa səbəb olub.
Təhsil eksperti Rizvan Fikrətoğlu Hit.az- deyib ki, hazırda 11-ci siniflərdə təhsil alan abituriyentlər, ümumi təhsil müəssisələrindən əvvəlki illərdə məzun olub, ilk dəfə sənəd qəbulunda iştirak edənlər buraxılış və birinci cəhdin blok imtahanının ödənişindən azaddırlar:
"Həmçinin Azərbaycanın ərazi bütovlüyünü müdafiə edərkən əlilliyi müəyyən edilən şəxslərin övladları, şəhid ailəsi üzvləri, məcburi köçkün statusuna malik olan şəxslər, valideynini itirmiş, yaxud valideyn himayəsindən məhrum olan şəxslər, I və II qrup əlilliyi olanlar, eyni zamanda sağlamlıq imkanları məhdud olan 18 yaşına çatmamış şəxslər də qəbul imtahanları ilə bağlı ödənişlərdən azaddırlar. Qalan bütün şəxslər ödəniş etməlidirlər. Əslində ödənişlər artırılmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2022-ci il tarixli 270 nömrəli qərarına əsasən, tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərə görə müəyyən edilmiş güzəştli tariflərin müddəti (2023 və 2024-cü il) başa çatıb və iştirakçılar ərizənin təsdiq edilməsi üçün Tarif (qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 6 nömrəli qərarına uyğun ödəniş edirlər. Həmin qərara əsasən buraxılış imtahanına giriş 45 manat, blok imtahanında iştirak etdiyi halda 45-50 manatdır. Xarici dil fərqlidirsə, ödənişə əlavə 30 manat edilir. Abituriyent hər iki cəhdin alt qurupunda iştirak edərsə, 40 manat da ödəməli olacaq. Əgər 11-ci sinifdə oxuyan şagird xarici dili başqa dildən imtahan verirsə, əlavə 30 manat ödəməlidir. Blok imtahanının birinci cəhdində iştirak üçün 50 manat ödəməlidir. Blok imtahanlarında alt qruplarda (1 və 3-ci qruplarda informatika, coğrafiya) iştirak edərsə, 30 manat ödənməlidir. Xüsusi qabiliyyət tələb edən ixtisaslara tələbə qəbulu ilə bağlı 1 dəfə iştirak üçün qabiliyyət imtahanı 40 azn təşkil edilir. 2023 və 2024-cü illə müqayisədə bu rəqəmlər təxminən 2 dəfəyə qədər çoxdur".
Sevinc