Sübhan Cəbrayılov adına Salyan Peşə Liseyinin təşkilatçılığı ilə "Peşə Təhsilinin Şəhid Məzunları" kitabının təqdimatı keçirilib.
Tədbiri Liseyin direktoru Ruslan Fətullayev açaraq bildirib ki, kitabda müxtəlif illərdə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş peşə təhsili məzunlarının keçdiyi qəhrəmanlıq yolundan bəhs edilir.
Kitabın müəllifi və redaktoru "Peşə təhsili və insan kapitalı" jurnalının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Şahbaz Balakişiyev, ideya müəllifi Elm və Təhsil Nazirliyi,Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovdur.
Təqdimatda Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, "Salyan şəhidləri" adlı video çarxa baxış keçirilib
Kitabın müəllifi Şahbaz Balakişiyev isə tədbir iştirakçılarına kitabın yazılma zərurətindən, onun əhəmiyyətindən danışıb.
Salyan rayon Heydər Əliyev Mərkəzinin direktoru Nübar Əliyeva, Salyan Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Məhərrəm Məmmədov, Yeni Azərbaycan Partiyası Salyan Rayon Təşkilatının sədri Elmar Əhmədov, Rayon Ziyalıları Birliyinin sədri Allahverdi Piriyev, Salyan Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Səidə Əliyeva,Vətən Müharibəsi Qərəmanı Sübhan Cəbrayılovun bacısı Kəmalə Tağıyeva kitab haqqında öz təəssüratlarını bölüşüblər.
Tədbirdə iştirak edən Salyan Peşə Liseyinin şəhid məzunlarından Azərbaycanın Milli Qəhrəmanı Xanoğlan Məmmədovun,Vətən Müharibəsi Qərəmanları Ələddin Nağıyevin, Füzuli Abıyevin, Rafael Quliyevin, Sabir Salahovun, Elsevər Həsənovun ailə üzvləri çıxış edərək, liseyin şəhid məzunlarına göstərilən diqqət üçün minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda isə şəhid ailələrinə və tədbir iştirakçılarına müəllifin iştirakı ilə kitab hədiyyə edilib.