Tanınmış hərbi ekspert hakim qarşısına çıxarılıb

ÖLKƏ
15:57 / 05.03.2025
89

Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Oxu.Az-ın məlumatına görə, Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun sədrliyi ilə baş tutan ilk hazırlıq iclası qapalı keçirilib.

Buna səbəb kimi isə cinayət işinin əsasını hərbi sirlərin yayılması ilə bağlı epizodların təşkil etməsidir.

Məhkəmənin baxış iclası martın 19-nə təyin edib.

Qeyd edək ki, hərbi ekspert kimi fəaliyyət göstərən Ədalət Verdiyev Baş Prokurorluğun təqdimatı əsasında saxlanılaraq istintaqa cəlb edilib.

Bununla bağlı Baş Prokurorluğun məlumatında bildirilir ki, media subyektləri və internet resurslarında 2024-cü ilin noyabrın 22-də aparılan monitorinq zamanı Səhiyyə Nazirliyinin "İctimai Səhiyyə və İslahatlar Mərkəzi" Publik Hüquqi Şəxsin mülki müdafiə qərargahının rəisi vəzifəsində işləyən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ixtisaslı zabit kimi hərbi xidmət keçmiş xüsusi səlahiyyət üzrə hərbi-ekspert Ədalət Verdiyev tərəfindən dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması müəyyən olunub.

Fakta görə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Məlumatında o da bildirilib ki, istintaqla, işğaldan azad olunmuş ərazilərə noyabrın 22-də təşkil olunmuş mediaturda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyevin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitini nümayiş etdirib şərhlər verməklə videoçəkiliş apardıqdan sonra həmin videonu özünə məxsus sosial şəbəkə hesabı vasitəsilə qeyri-məhdud sayda izləyicilərin baxa biləcəyi səviyyədə yaymasına, yəni öz qulluq səlahiyyətlərindən istifadə etməklə Azərbaycan Respublikasının qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

0