Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb.
Bu barədə HİT.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.
***
Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan şirkət sakinlər evdə olduğu halda tikilinin bir hissəsini dağıdıb
.
HİT.az xəbər verir ki, görüntüləri Əzizə Kərimli sosial şəbəkə səhifəsində yayıb.
O bildirib ki, bu gün "Melissa Group" tikinti şirkəti Yasamal rayonu? Birinci Alatava yaşayış massivi, Abdulvahab Salamzadə küçəsi 118B ünvanında söküntü işləri aparır.
Söküntü zamanı daxilində yaşayış olan evlər də ekskavator vasitəsilə dağıdılıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, "112” qaynar xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində vətəndaşın dağıntı altında qalması barədə məlumat daxil olub və dərhal FHN-in xilasediciləri əraziyə cəlb edilib.
DİN-in Mətbuat Xidmətindən deyilib ki, söküntü ilə bağlı ərazi polis orqanına daxil olan müraciət əsasında araşdırma gedir:
"Söküntü dayandırılmaqla tikinti şirkətinin nümayəndəsi polis bölməsinə dəvət olunub. Hazırda araşdırma davam etdirilir".
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaydığı məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində aparılan söküntü işləri ilə əlaqədar 27 mart 2025-ci il tarixində idarə tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib:
"Aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə tikinti işləri dayandırılıb və aktlaşdırılıb. Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar Baş İdarə tərəfindən hüquq-mühafizə orqanlarına təqdim ediləcək".