Azərbaycanda yay aylarında müəllimlərin növbəti sertifikasiya imtahanının keçirilməsi nəzərdə tutulub. Sertifikasiyaya biologiya, kimya, coğrafiya, informatika və fizika müəllimləri cəlb olunacaq.
2022-2024-cü illər ərzində 65 min nəfərə yaxın müəllim sertifikatlaşdırmaya cəlb edilib. İndiyə kimi sertifikatlaşdırma prosesini uğurla keçmiş müəllimlərin ümumi sayı 55 min nəfər olub.
Nazirlər Kabinetinin qərarına uyğun olaraq, sertifikatlaşdırmada uğur qazanmış 38 min müəllimin əməkhaqqına 10%, 17 min müəllimin əməkhaqqına isə 35 faiz əlavə tətbiq edilib. Nəticədə maaşına 10% əlavə olunan müəllimlərin orta aylıq əməkhaqqı 980 manat, maaşına 35% əlavə olunan müəllimlərin orta aylıq əməkhaqqı isə 1295 manat təşkil edib.
Bu il təxminən 27 minə yaxın müəllimin sertifikasiya prosesinə cəlb ediləcəyi gözlənilir.
Qeyd edək ki, sertifikasiya prosesi ilə bağlı son günlərdə müxtəlif təkliflər səsləndirilib. Ekspertlərdən biri sertifikasiyadan kəsilən müəllimlərin kənd məktəblərinə göndərilməsini, digəri sertifikasiyanın 5 ildən bir yox, 3 ildən bir keçirilməsini təklif edib.
Sertifikasiya prosesi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilib-edilməyəcəyi maraq doğurur.
Məsələ ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov bildirib ki, cəmiyyətin inkişafına, əldə edilən təcrübəyə uyğun qanunlar yenilənir:
"Burada qeyir-adi bir şey yoxdur. Amma sertifikasiya imtahanı ilə bağlı birmənalı olaraq, düşüncə nədən ibarətdir? Burada söhbət nədən gedir? Bunları anlamaq lazımdır. Müəllimin borcu öyrətməkdir, bunu o bilməlidir ki, öyrətsin. Əgər müəllim öz ixtisasını bilmirsə, imtahandan da keçə bilmir. Beləliklə, daha müəllim kimi fəaliyyət göstərmək imkanı olmur. Bununla bağlı ədalətsiz fikir ola bilməz. Müəllim özü imtahan verə bilməsə, şagirdini imtahana necə hazırlaya bilər? Bunun da səbəbi odur ki, Azərbaycan öz müstəqilliyini əldə etddikdən, yəni SSRİ dağıldıqdan sonra çox sayda insan saxta diplom əldə edib, müəllim adını layiq olmadan daşıyıb. Görün, məktəblərə, şagirdlərə nə qədər ziyan dəyib. Bu acı nəticələri aradan qaldırmaq üçün sertifikasiya imtahanları keçirilib. İmtahanı uğurla başa vuranların əməkhaqları artırılır. Bundan yaxşı nə ola bilər ki? İmtahan verir, öz nəticəsini göstərir və nəticəyə uyğun əmək haqqı artırılır".
Komitə sədri qanunvericilikdə boşluq olacağı təqdirdə Elm və təhsil komitəsinin bu istiqamətdə fəaliyyətlərinin davam edəcəyini söyləyib:
"Hələlik Elm və Təhsil Nazirliyinin bugünkü fəaliyyəti imkan verir ki, bu sahədə şəffaflıq tam bərpa olunsun. Yəqin, bununla bağlı gələcəkdə qanunvericilikdə boşluq olsa, hələlik boşluq görünmür, təbii ki, Elm və təhsil komitəsi olaraq, biz də bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik".
A.İsgəndərov sertifikasiya imtahanlarının müddətinin azaldılması ilə bağlı təklifə də toxunub.
O, qeyd edib ki, bununla bağlı konkret fikri yoxdur: "Amma, yenə deyirəm, bu məsələni gündəmə gətirənlər mütəxəssislərdir. Yəni sırf mütəxəssis rəyinə ehtiyac var. Lakin yenə deyirəm, bu sahədə nəyisə azaltmağa və ya artırmağa ehtiyac varsa, o da olacaq. Ən əsası odur ki, bu gün heç bir müəllim deyə bilməz ki, mən qəsdən kəsildim. Eyni zamanda heç bir müəllim deyə bilməz ki, mənə kənardan kimsə kömək etdi. Ən əsası oldur ki, şəffaflıq təmin olunub. Həm də bu sahədə hər dəfə irəliləyiş, inkişaf var. Ən əsas uğur bundan ibarətdir".