Sabiq direktor müavini məhkəmədən qaçdı

ÖLKƏ
13:18 / 07.04.2025
49

Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin mənimsəmədə ittiham olunan sabiq direktor müavini Lalə Zakirova hökm oxunacağını eşidən kimi məhkəmə zalından qaçıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baş verib.

Lalə Zakirovanın 64 yaşı var. O, hazırda  əvvəl direktor müavini işlədiyi mərkəzdə qarmon ixtisası üzrə müəllim işləyir. Barəsində hökmə qədər həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İttihama görə, xanım müttəhim Mərkəzin direktor müavini işlədiyi vaxtda direktor Namiq Rzazadə ilə əlbir olaraq 64 min 400 manat dövlət vəsaitlərini mənimsəyib. 

Namiq Rzazadə istintaq başlanan vaxt ağır xəstəliyə tutulduğundan onun işi ayrıca icraata götürülüb.

L.Zakirovanın cinayət işini Aynur Rzayevanın sədrlik etdiyi hakimlər araşdırıb.

Amma yaşlı müttəhim ittihamlarla razılaşmayıb, ifadəsində ona böhtan atdıqlarını deyib: “Anar Kərimov mədəniyyət naziri olanda Mərkəzdə özbaşınalıq yaranmışdı. Həmin vaxt direktor işdən çıxmağımı tələb etdi, mən etiraz etdim. Sonradan bir yolla işdən çıxarılmağıma nail oldular. Amma mən yenə təslim olmadım. Məhkəməyə müraciət edib yenidən işimə qayıtdım. Vəzifə cinayətləri söhbəti də bundan sonra ortaya çıxdı”.

Məhkəmə şahidləri dinlədikdən, dəlil və sübutları tədqiq etdikdən sonra təqsirləndirilən şəxsin dediklərini özünü müdafiə hesab edib.

Prokuror ittiham nitqində təqsirləndirilənin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda mənimsəmədə təqsirli bilinməsini, barəsində sanksiya həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməsini tələb edib. Son sözdən sonra məhkəmə hökm qəbul etmək üçün müşavirəyə gedib. Amma hakimlər qayıdanda müttəhimi zalda tapmayıblar. İcraçılar məlumat veriblər ki, Lalə Zakirova özünü pis hiss etdiyini deyərək bir neçə dəqiqəlik zaldan çıxıb. Bundan sonra bir daha geri qayıtmayıb.

Hökmə əsasən, L. Zakirovaya 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilməklə axtarışa verilib.

0