"Artıq bəzi institutlar birləşdirilərək publik hüquqi şəxs olub, üç elmi istehsalat birliyi ləğv edilib"

ÖLKƏ
15:35 / 08.04.2025
268

Prezident İlham Əliyev Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi institutarın birləşdirilməsi ilə bağlı sərəncam imzalayıb.

Maraqlıdır, bu dəyişiklik elm sahəsində nələri dəyişdirəcək? 

Təhsil eksperti Nadir İsrafilov Hit.az-a şərhində deyib ki, Ölkə başçısının “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq sərəncamına əsasən, nazirliyin tabeliyində olan bir sıra elmi-tədqiqat institutlarının struktur baxımından optimallaşdırılması nəzərdə tutulur:

“Bu sərəncam elmi idarəetmənin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edən, institutlararası əməkdaşlığın gücləndirilməsi baxımından mühüm strateji sənəd olan Sərəncam əsasında oxşar və bir-birini tamamlayan istiqamətlər üzrə fəaliyyət göstərən institutlar birləşdirilərək, ixtisaslaşmış 8 institut - Geologiya, Coğrafiya, Fizika, Kimya, Riyaziyyat, Botanika, Canlı Sistemlər və Molekulyar Biologiya institutları yaradılacaq. Eyni zamanda müasir elmi infrastruktur və beynəlxalq standartlara cavab verən 2 yeni elmi müəssisə formalaşdırılacaq. Bəzi elmi-tədqiqat institutları isə regionlarda fəaliyyət göstərən dövlət universitetlərinin tabeliyinə veriləcək ki, bu da elm və təhsilin inteqrasiyasını daha da gücləndirilməsinə xidmət edəcək. Elm və təhsil naziri Emin Əmrullayev də Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən “Elm Festivalı”nda çıxışı zamanı etiraf edərək deyib ki, elmi təşkilatlarımızda heç bir elmi məhsul istehsal olunmur. Nazir ölkədə elmi məqalə və məhsulların istehsalının az olmasının əsas səbəbi kimi maliyyələşmənin zəif olmasını misal çəkib: 

"Azərbaycanda uzun illər elm və təhsil ayrı-ayrı inkişaf edib. Hazırda Azərbaycanda 150-dən artıq elmi müəssisə var. Lakin ümumi elmi məhsulların sayına baxdıqda elmi müəssisə sayları arasında qeyri mütənasiblik olduğunu görürük. Bu məqamda maliyyə və səmərəlilik mövzusu ön plana çıxır".

Ekspert hesab edir ki, rasonallaşdırma istiqamətində nəzərdə tutulan struktur dəyişiklikləri tədqiqat mühitinin təkmilləşdirilməsinə, elmi nəticələrin tətbiqyönümlü olmasına və beynəlxalq elmi əməkdaşlığın genişlənməsinə xidmət edir. Gözləntilər isə ondan ibarətdir ki, müəssisələrin publik-hüquqi şəxs statusunda yaradılması nəticəsində alternativ maliyyələşmə mexanizmlərinin istifadəsinə şərait yaradılacaq, elmi resurslardan daha səmərəli istifadə ediləcək, gənc tədqiqatçılar üçün daha əlçatan və müasir infrastruktur formalaşacaq, həmçinin , elmin cəmiyyətlə daha yaxından inteqrasiyası təmin olunacaq:

 “Artıq, bəzi institutlar birləşdirilərək publik hüquqi şəxs olub, üç elmi istehsalat birliyi ləğv edilib. Azərbaycanda elmi institutların birləşdirilməsi ilə bağlı Prezidentin imzaladığı son qərar elmi-tədqiqat sahəsində struktur islahatlarının yeni mərhələsidir. Bu elmi fəaliyyətin səmərəliliyini, idarəolunmasını və təhsillə əlaqəsini artırmağa yönəlmiş bir addımdır. Onu da xatırlatmaq yerinə düşər ki,  Elm və Təhsil Nazirliyinin tabeliyindəki müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması təkcə elmi müəssisələrə şamil edilmir. Optimallaşdırma və rasionallaşdırma tədbirləri eyni zamanda orta ümumtəhsil məktəblərini və orta ixtisas təhsili müəssisələrini də əhatə edim və bu proses davam etməkdədir, Belə ki, bir sıra azkomplektli məktəblərin bəziləri bağlanıb, bəziləri isə digər məktəblərlə birləşdirilib. Bir sıra kolleclər isə əlaqədar unversitetlərin nəzdində fəaliyyətə başlayıb. Bir neçə oxşar məzmunlu universitetlərin birləşdirilməsi nəzərdə tutulub. Ümid edək ki, optimallaşdırma və rasionallaşdırma istiqamətdə aparılan bu kimi işlər və görülən müvafiq tədbirlər, elm və təhsilimizin keyfiyyətinin və səmərəliliyinin artırılmasına xidmət etsin, bu yarana biləcək ixtisarlar elmi-pedaqoji kadrlarımızın iş yerlərini itirməsinə və yeni işsizlər ordusunun yaranmasına zəmin yaratmasın. O ki, qaldı, bu sahədə nələr dəyişəcək, sualına, bunu zaman göstərəcək.  Zamanı qabaqlamaq isə olmaz, çünki, o bizdən sürətlidir”.

Sevinc

0