Elmi fəaliyyət niyə səmərəsizdir?

ÖLKƏ
14:22 / 09.04.2025
383

Məlum olduğu kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Eml və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında”  Sərəncam imzalayıb. Sərancama əsasən 37 təşkilatda aparılan optimallaşma nəticəsində 17 elmi təşkilat təsis olunub. Sərəncam əsasında oxşar istiqamətlər üzrə fəaliyyət göstərən institutlar birləşdirilərək, ixtisaslaşmış 8 institut yaradılacaq. Eyni zamanda müasir elmi infrastruktur və beynəlxalq standartlara cavab verən 2 yeni elmi müəssisə formalaşdırılacaq. 

Mövzu ilə bağlı Hit.az-a fikir bildirən pedoqoji elmləri üzrə Fəlsəfə Doktoru, dosent İlham Əhmədov deyib ki, bunlar  özlüyündə yaxşı addımlardır:

 “Amma belə inteqrasiyalar  elmin məhsuldarlığını,  keyfiyyətini, səmərəliyini  yüksəltməyə imkan verəcəkmi?  Zaman göstərər. Amma indiyə qədər elm və təhsil sistemində qəbul edilən qərarların icrası heç də qaneedici olmayıb. Struktur dəyişiklikləri tədqiqat mühitinin təkmilləşdirilməsinə, elmi nəticələrin tətbiqyönümlü olmasına, beynəlxalq elmi əməkdaşlığın genişlənməsinə imkan verəcəkmi? Elmi müəssisələrin publik-hüquqi şəxs (PHŞ)  statusunda yaradılması nəticəsində  maliyyələşmə mexanizmlənridə nə dəyişəcək?  Şəffaflıq təmin ediləcəkmi? Hər halda universitetlərin PHŞ olması heç nəyi dəyişmədi, tam əksinə oldu.  Belə ki, ATM PHŞ olduqdan sonra ETN özünün yartdlığı “Təhsilin İnkişaf Fondu”na  (TİF)  rüsum ödəməyə vadar etdi:  500 min-1,5 milyon manat    aralığında. Halbuki ATM bu pula   inkişafyönlü problemlərini həll edə bilərdi. TİF isə topladığı pulun müqabilində  nə ATM-nə, nə də təhsilə  ciddi heç  verə bilmədi. Görünür  ETN  indi də öz nəznində   elmyönümlü  yeni fond-“Elmin İnkişaf Fondu”  (EİF)  yaratmaq istəyir, əvvəlki fondun analoqu  kimi. 

Nazir  qeyd edir ki, ölkə üzrə 1 elmi məqalənin yazılması büdcəyə 35 min manata başa gəlir. Bunun 7-8 min manatı deyək ki, alimin maaşına gedir, yəni  20 %.  Bəs qalan pullar  hanı? Nazir bunu araşdırsın gərək. Maliyyənin belə bölünməsi təbii ki, səmərəsiz və ədalətsizdir. Təbii ki, xərclərin şişirdilməsi göz önündədir. 

Reytinqli  jurnallarda məqalələrin dərci, bunun motivləşdirilməsinin ölkə  elminin  və iqtisadiyyatının  inkişafına ciddi faydası olmayacaq. 
Bu gün ciddi elm fərdi yox, kollektiv əmək tələb edir. ETN fərdi yox, kollektiv şəkildə  elmi problemlərin həllinə  konsentrasiya olmalıdır, elə problemlərə ki, onun həlli   kommersiyalaşa bilsin. Fundamental elmlərə da bir başqa yanaşma olmalıdır.  Təbii ki,  “buxarlanan məbləğ”  maliyyənin qeyri-şəffaf və qeyri-rasional xərclənməsinin qurbanıdır.  

Xərcləri rasionallaşdırmaq, alimlərin  maaşını  ən azı 2 qat artırmaq lazımdır. Elm və təhsil sahəsində maksimum maliyyə şəffaflığı olmalıdır. Universitetlər  maliyyə problemləri ilə yaşadığı bir dönəmdə, bəzi rektorların şərab zavod, şadlıq evləri  açmasını ictimaiyyət yaxşı xatırlayır.  Yerli  alimlərimizin uğurları azdır. Niyə?  

Azərbaycanın ölkə xaricində uğurlu elmi fəaliyyətlə məşğul olan xeyli nümayəndəsi var.  Hazırda  bu alimlərin əksəriyyəti yaşadıqları ölkədə qabaqcıl  professor kimi tanınırlar.  Onlar yaşadıqları ölkələrdə dünya miqyaslı elmi uğurlara imza atmaqla yanaşı,  dövlətimizi xaricdə tanıda biliblər.

3 il əvvəl ölkə mətbuatında vaxtı ilə xaricə emiqrasiya etmiş və orada elmi kəşflərə,  ixtiralara imza atmış, elmi işləri patentləşdirilən bəzi alimlərin adları çəkilmişdi. Bu sırada ABŞ, Kanada, Almaniya, Fransa, İsrail, Türkiyə, Rusiya və digər ölkələrdə yaşayan və elmlə  səmərəli məşğul olan alimlərimizin adları vardı. Bu patent alan alimlərin heç biri ölkəmizdə yaşamır. Əgər onlar da  burada yaşasaydılar, ehtimal ki, belə  uğurları olmazdı.  
Əgər nəsə bir uğurları olardısa da,  burada  çoxlu “ortaq şərikləri” peyda  olacaqdı. Müəllif isə bu ixtirasına peşman olacaqdır. Bu fakt bir daha göstərir ki, insanlarımız istedadlıdır, zəhmətsevərdir, əgər onlara orta səviyyədə şərait yaradılarsa (heç olmasa Sövet dönəmində olduğu kimi), qayğı göstərilərsə.  

ETN yaradılmasından 3 ilə yaxın vaxt keçir, amma ciddi  dönüş hiss edilmir. Halbuki, mövcud 30 illik geriliyi aradan qaldırmaq üçün bu 3 ildə ETN dincəlmədən, istirahətsiz işləməli idi.   

Bu ərəfədə "AD Scientific index 2025 " reytinqində universitetlərimizin mövqeyi dərc edilmişdi: BDU -4405-ci yer,  ADNSU-8210-cu yer.  Reallıq budur.   

Tez-tez bahalı otellərdə heç bir real faydası olmayan forum və tədbirlər  keçirdib, böyük pullar xərcləyib, selfilər çəkdirməklə elm və təhsildə inkişaf ola bilməz.  Nazirin  qeyd etdiyi kimi,  elm haqqında çoxlu söhbətlər etməklə  elm yaranmaz.  Nazir  soruşur ki, bizim universitetlər  niyə TOP-500-də yoxdur ?  Sonra da bunun  bəzi səbəblərini deyir, amma demir ki, universitetlərimizdə elm və təhsil mühiti yoxdur, bu səbəbdən durum  bərbaddır.  Heç bir innovasiya yaradılmır, texnoparklar  yoxdur, olan təşəbbüslər  də diqqətdən kənar qalır. 

Təəssüf ki, ETN universitetlərdə də elmin və təhsilin inkişafı üçün ciddi işlər edə bilmir. Keçən il  deyilirdi ki, universitetlərdə elmin inkişafına 8 milyon ayrlılacaq (əslində bu dəryada bir damladır), amma bəlli olmadı bunun sonluğu.   ETN-də  ideya kasadlığı, təcrübəsizlik, fəaliyyətdə sistemsizlik, təşəbbüslərin azlığı  hiss edilir. Yerlərdən gələn təşəbbüslər də məmur özbaşınalığı, biganəlik  səbəbi ilə  diqqətsiz qalır.  Qazaxstan hökuməti 25 ildir mütəmadi olaraq universitetlərə  elm-təhsil-innovasiya yönümlü  qrantlar  verir, özü də hər il 1000-dən çox.  

Bizdə  əsasən təhsil elmlərinə daha çox qrantlar verilməlidir. Bu qrantlar çərçivəsində ETN-nin  sifarişi ilə  təhsilimizdəki problemlər araşdırılmalı, həll edilməli,  yeni  təhsil innovasiyaları  yaradılmalıdır. Nəzərə alsaq ki, təhsil menecerləri elm-təhsil sisteminə aidiyyatı olmayan digər sahələrdən ETN-ə transfer ediliblər, elm-təhsil, təhsil islahatı sahəsində təcrübələri azdır, onda belə  tədqiqatlara ehtiyac daha da artır. 

ARTİ-nin son 10 ildə  elmdən uzaqlaşması da təhsil elmlərinin və ümumilikdə təhsilin, təhsil islahatlarının  səmərəsini kəskin azaldır. Bu institutun təyinatını nazirlik hələ də düzgün müəyyənləşdirə bilməyib. Artıq 10 ildir bu institut dalana gedir, təhsil sistemində olduğu kimi bu institutda da kadr siyasətində ciddi nözsanlar var.  İnstitutun 100 illik tarixində heç vaxt  belə yanlış kadr siyasəti olmayıb. 

Bizim elm-təhsil büdcəsi  son illər  5 qat artsa da, kəmiyyət dəyişikliyinin keyfiyyət dəyişikliyinə keçidini hiss etmirik. Dünya praktikasında məhsuldar  alimlərə tədqiqat üçün  fərdi qrantlar verilir, biz də bu təcrübədən faydalanmalıyıq.  Alimlərimizdə az da olsa  təşəbbüslər olur, nəsə etmək istəyirlər, amma  ETN  lazımi layihələrə və lazımi adamlara yox, lazımsız layihələrə və lazımsız adamlara qrant paylayır. Təəssüf ki, təhsil sistemində daim belə müşahidə etmişik bu məsələləri.  Təbii ki, bu qrantlar qanun daxilində, dosta, qohum-əqrabaya ünvanlı sosial yardım paketi kimi yox. Nəhayət ki, qrant siyasəti milli və dövlət mənafeyinə uyğun olmalı, inkişafa xidmət etməlidir. Bu məsələlərdə son illər çox səhvlərə yol verildi.
   
Sabah necə olacaq, zaman göstərər. Şəxsən mən, ciddi dəyişikliklər gözləmirəm.  “Pir mənimdir, kəramətinə bələdəm”.

Sevinc

0