“Study In Turkey Azerbaijan” şirkətinin rəhbəri, təhsil məsələləri üzrə ekspert Fuad Hacıyevin vətəndaşı aldatdığı iddia olunur.
Belə bir iddia ilə Musavat.com-a Bəşirli Nərmin Xaqani qızı müraciət edib.
Şikayətçi bildirib ki, Fuad Hacıyev onu və ailəsini Kanadaya işçi vizası ilə göndərmək üçün 2019-cu ildə onlardan 50 min manat alıb:
“Fuad xaricdə təhsil almağa imkan yaratmaq və işçi vizası ilə başqa ölkələrə göndərmək adı ilə onlarla insanı aldadıb. Onlar arasında mənim də ailəm var.
Biz əvvəlcə pulun yarısını ödədik. Fuad dedi ki, yarısını da ödəməliyik. Əks halda əvvəlcə ödədiyimiz pul batacaq. Bizi qorxuya saldı. Məcbur qalıb evimizi satdıq və pulu ödədik. Hətta işdən belə çıxdıq ki, bir aya artıq Kanadaya köçəcəyik. Beləliklə, həm işimizdən olduq, həm də evimizdən. Vaxt gəlib çatanda bu adamı tapa bilmədik. Xeyli söz-söhbətdən sonra bizə sənəd göndərdi ki, bir ay ərzində bizdən aldığı pulları geri qaytaracaq, amma etmədi. Hər dəfə bir bəhanə ilə yoxa çıxırdı.
2020-ci ildə Daxili İşlər Nazirliyinə müraciət etdik, nazirin qəbulundə olduq. Bundan sonra iş başladıldı və Fuadın həbsinə qərar verildi. O, həbsə girəndən sonra anası və bacısı bizə yalvardı ki, ailədə başqa işləyən yoxdur, şikayəti geri götürsək, bu pulu bizə hər ay 3 min olmaqla geri qaytaracaqlar. Fuadın ailəsi və vəkili öz adlarından sənəd gətirdilər ki, zamin dururlar və pulun qaytarılmasında məsuliyyət onların üzərinə düşür. Biz razılaşdıq, lakin o, həbsxanadan çıxandan sonra ailəsinə zəng çatmadı, Fuad isə bizi təhqir etdi və hədə-qorxu gəldi. Dedi ki, hara istəyirsinizsə, gedib şikayət edin.
Bu insan televiziyalarda hələ də reklam olunur. Yəqin ki, başqa insanları da aldadır”.
Xatırladaq ki, Fuad Hacıyev böyük ölçüdə fırıldaqçılıqda ittiham edilərək cinayət məsuliyyətinə cəlb edilmişdi.Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.4 (külli miqdarda ziyan vurmaqla) maddələri ilə qaldırılmış cinayət işində 10-dan çox epizod mövcud idi. Bunlar əsasən Kanadada məşğulluq, Türkiyə və Ukraynada təhsil ilə əlaqədar olub.