Qara dənizin mirvarisi adlandırılan Batumi şəhəri Gürcüstanın ən populyar turizm mərkəzlərindən biridir. Bu şəhərə yay mövsümündə istirahət üçün üz tutan əcnəbilərin sayı baxımından azərbaycanlılar ilk yerləri tutur. Batumini bizim üçün turistik səfər baxımından cəlbedici edən cəhətlər çoxdur, amma bu şəhəri Azərbaycan izləri baxımından da kəşf etməyə dəyər.
.jpg)
Teleqraf-ın Gürcüstan bürosunun əməkdaşı Batumini bu dəfə turistik səfərlə və ya hər hansı bir tədbiri işıqlandırmaq məqsədilə deyil, izlərimizlə bağlı araşdırma aparmaq üçün ziyarət edib.
Batumidə günümüzə qədər gəlib çıxmış izlərimiz tarixi binalardan, məkanlardan və insanlardan ibarətdir. Ətraflı tanış edəcəyimiz bu izlər Batumidə azərbaycanlıların vaxtilə böyük bir icma kimi mövcudluğunu təsdiqləyən əsas dəlillərdir.
Batuminin ilk azərbaycanlıları
Öncə azərbaycanlıların bu şəhərdə məskunlaşma tarixçəsinə nəzər salaq. Batumidə azərbaycanlı icmanın mərhum nümayəndəsi Vidadi Axundov Acarıstan nəşrlərindən birinə 2017-ci ildə müsahibəsində bildirmişdi ki, şəhərin hazırkı yerli azərbaycanlı sakinlərinin əcdadları bu şəhərə XIX əsrin əvvəllərində gəliblər. Onları Batumiyə aparan daha yaxşı yaşamaq üçün işlə təminat istəyi olub.

Azərbaycanlıların Batumidə çalışdığı əsas sahələr ticarət, kənd təsərrüfatı və bağçılıq olub. Onların arasında Acarıstanda salınan çay və sitrus meyvələri plantasiyalarında aşağı maaşla çalışanlar da az olmayıb.

Zəhmətkeşlik və işgüzarlıq sayəsində topladıqları vəsaitə çayxana və dükan açıb şəxsi bizneslərini quran azərbaycanlılar çox olub. Bu cür obyektlərə vaxtilə daha çox Batumi limanı yaxınlığında rast gəlinirdi. Liman yaxınlığında anbarlara sahib olan həmyerlilərimiz də olub.
Azərbaycanlıların məktəbi və ibadət yeri
Batumidə 1920-1930-cu illərdə azərbaycandilli məktəb fəaliyyət göstərib. Bu fakt onu sübut edir ki, şəhərdə azərbaycanlıların sayı həmin dövrdə o həddə çatıb ki, artıq ana dilində təhsil ocağının açılmasına zərurət yaranıb. Məktəbin ibtidai, natamam orta və yaxud tam orta təhsil müəssisəsi olduğu barədə məlumatlar yoxdur. Müəssisə daha sonra uşaq bağçasına çevrilib və müəyyən vaxtdan sonra bağlanıb. Məktəb Batumidə hazırda yaşayan əksər soydaşlarımızın əcdadlarının təhsil aldığı ocaq olub. Təhsil ocağının binası günümüzə qədər gəlib çatıb, Batuminin mərkəzində - Demetre Tavdadebuli və Rustaveli küçələrinin kəsişməsində yerləşir. Birmərtəbəli kərpic binada hazırda restoran fəaliyyət göstərir. Keçmiş məktəb binasından yalnız ön və yan fasadlar qalıb. Tikilinin fasadlarının bu günədək saxlanılması onun yerli mədəni irs abidəsi olduğunu söyləməyə əsas verir.
.jpg)
Binanın fasadına vurulmuş üç xatirə lövhəsi də diqqətçəkən məqamdır. Xatirə lövhələrindəki məlumatlara əsasən, binada 1895-1901-ci illərdə tanınmış gürcü ictimai xadim Luka Asatiani, 1888-1900-cü illərdə görkəmli rus yazıçıları Anton Çexov və Maksim Qorki qalıblar, 1912-1972-ci illərdə Acarıstanın əməkdar mühəndisi Boqdan Kirakosyan yaşayıb və çalışıb.
.jpg)
Erməniəsilli memarın xatirə lövhəsi 2018-ci ilin avqustunda onun nəslinin nümayəndələrinin təşəbbüsü və Batumi meriyası, Acarıstanın Memarlar İttifaqı və erməni icmasının dəstəyi ilə vurulub. Lövhələrə baxdıqca düşünürəm və inanmıram ki, məktəbin müəllimləri və məzunları arasında elə azərbaycanlı olmayıb ki, Batuminin ictimai həyatında fəal olub şəhərə Kirakosyan qədər töhfə verməsin? Təəssüflər olsun ki, vaxtilə azərbaycandilli məktəbin yerləşdiyi binada azərbaycanlıya aid bir lövhə belə quraşdırılmayıb. Keçmiş azərbaycandilli məktəbin hazırkı binası özündə yalnız gürcü, erməni və rusların xatirəsini yaşadır. Bu, digər millətlərlə müqayisədə izlərimizi axtarıb tapmamağımızın, onlara vaxtında sahib çıxmamağımızın, təşəbbüskar olmamağımızın Gürcüstandakı daha bir əyani sübutudur.
.jpg)
Məktəblə yanaşı azərbaycanlıların Batumidə ibadət yeri də olub. Vaxtilə soydaşlarımızın məscid kimi istifadə etdikləri birmərtəbəli tikili məktəbdən çox da uzaq olmayan Luka Asatiani küçəsində yerləşir. Tikilinin olduğu torpaq sahəsini 16 yaşında Batumiyə gəlmiş İrandan olan Xudat Bağırov 5 600 qızıl rubla alıb. Burada 1910-cu ildə şiələr üçün ibadətxana açılıb, İranın Batumidəki o vaxtkı konsulluğunun himayəsi altında fəaliyyət göstərib.
.jpg)
Tikili bu gün baxımsız vəziyyətdədir, istifadə olunmur. Qonşuluqda yaşayan sakinlərin bildirdiyinə görə, sovet dövründə binada layihələrin hazırlandığı "Texbüro” yerləşib. Onların sözlərinə görə, bina satılıb və onu əldə edən şəxs yetərli vəsaiti olmadığından illərdir təmir-bərpa işlərinə başlaya bilmir. Bu tarixi tikili Batumidə Bağırova məxsus olmuş yeganə mülk deyil.

Repressiya qurbanı Bağırov, mirasına sahib çıxmağa çalışan nəvə
Digər mülk barədə məlumatı Xudat Bağırovun nəvəsi Tamaz Bağırov təqdim edib. Onunla Azərbaycanın Batumidəki Baş konsulluğunun köməyi ilə əlaqə saxlayıb, görüşüb söhbət apardığımız zaman məlum olur ki, keçmiş ibadətxananın yaxınlığında yerləşən hazırkı üçmərtəbəli mülk də vaxtilə babasına məxsus olub. Soydaşım Azərbaycan dilində çox az sayda söz bildiyindən rusca danışmalı oluruq.

"Bina ikimərtəbli olub, üçüncü mərtəbə sonradan əlavə edilib. İlya Çavçavadze küçəsi 31 ünvanında yerləşir. Tikilinin yerləşdiyi torpaq sahəsini babam 1889-cu ildə alıb. Birinci mərtəbədə əsasən çərəzlərin və şirniyyatların satıldığı üç dükan yerləşib. İkinci mərtəbə isə qonaq evi kimi fəaliyyət göstərib. Bu evdə babam Azərbaycandan, İrandan və digər ölkələrdən Batumiyə gələnləri qonaqlayardı. Babamın repressiyasından sonra bu mülk də əlimizdən alınıb və binada konditer fabriki açılıb. Babamın yaşadığı ev elə keçmiş ibadətxananın yaxınlığında yerləşirdi. Həmin ərazidə vaxtilə babama məxsus hamam binası da olub. Sonradan sökülüb, hazırda onun yerində yaşayış binası yerləşir. İbadət yerinə aid 400 kvadrat metrlik torpaq sahəsini məhkəmə yolu ilə özümüzə qaytarmağa nail olmuşam. Tikilinin özü isə rəmzi olaraq bir lariyə satılıb. Bu barədə sonradan xəbər tutduq. Biz həmin tikilinin vaxtilə məscid olduğunu sübut edə bilmədik. Babamın mülkü gizlin və qanunsuz yolla satıldı”.
.jpg)
Nəvəsi babası Xudat Bağırovun 1938-ci il repressiyasının qurbanı olduğunu bildirir və bu tarixçə barədə ətraflı bəhs edir:
"Babamın bir qonşusu vardı. O, kommunist idi və Batumiyə Quriya bölgəsindən gəlmişdi. Babamdan donos yazmışdı ki, guya iranlı olduğuna görə İrana cəsusluq edir. Babamı həbs edəndə onun 75 yaşı var idi. Ailəsinə demişdilər ki, babamı qatara mindirib Tbilisi həbsxanasına aparıblar. Amma sonra məlum oldu ki, onu yolda qatardan düşürüb güllələyiblər. Babamın 8 oğlu və 1 qızı olub. "Xalq düşməni” elan ediləndən sonra babamın üç oğlunu II Dünya müharibəsinə apardılar. Biri həlak oldu, ikisi yaralandı”.
Baba mirası uğrunda mübarizə
Bağırovlar baba mirası uğrunda mübarizəyə 1991-ci ildən başlayıblar. Yerli məhkəmə orqanlarından ümidini üzən soydaşlarımız Avropa məhkəməsinə müraciət etməyə məcbur olublar.
"Atam danışardı ki, qonaq evi və dükanların olduğu mülkdə böyük ölçüdə bahalı güzgü var idi. Babamın həbsindən sonra dedilər guya kiməsə borcu qalıb, gəlib o güzgünü divardan söküb aparmışdılar. Babamın mülkünün onun varislərinə qaytarılması ilə bağlı Strasburq məhkəməsinə belə müraciət etmişik. Gürcüstandan müraciətlər çox olduğundan bizim məsələyə baxılma növbəsi hələ gəlib çatmayıb. Ümid edirəm ki, məsələ xeyrimizə həll olunacaq. Mülkün bizə qaytarılması mümkün olmasa, ya Gürcüstan, ya da Acarıstan hökumətinin üzərinə bizə kompensasiya ödəməklə bağlı öhdəlik qoyulacaq”.
"Nənəm Şuşadan olub”
Tamaz Bağırov nənəsi Münəvvər xanım haqqında da danışaraq onun Şuşadan olduğunu bildirir. Xudat Bağırov Münəvvər xanımla 1907-ci ildə evlənib, onu Şuşadan Batumiyə gətirib. Xudat Bağırovun bir tərəfi Qarabağdan olub. Şuşalı xanım Batumiyə qulluqçuları ilə gəlib. Onun məzarının yerini maraqlanıram. Tamaz müəllim qol saatına baxır. "Bir saatdan sonra nəvəmi basketbola aparmalıyam. Qəbiristanlığa gedib dönməyə vaxtımız çatar” deyib məni maşınına dəvət edir. Maşına əyləşən zaman Tamaz müəllimə bir nəfər yaxınlaşır. Soydaşım həmin şəxsə maşınına nəzarət etdiyinə görə təşəkkürünü bildirir. Aralarında kiçik söhbət zamanı həmin kişi Tamaz müəllimdən ad-soyadını maraqlanır. "Tamaz Bağırov” eşidən kimi qeyri-gürcü soyadını təkrar soruşur. "Bağırovam. Batumiliyəm, azərbaycanlıyam”, deyir soydaşım.

Maşına əyləşən kimi güzgüdəki kiçik ölçüdə Quran kitabı və yanında xrisitan dininə aid medalyon diqqətimi cəlb edir. Soruşmaya bilmirəm: "Üzr istəyirəm. Amma dini mənsubiyyətinizi soruşmaq istəyirəm. Siz müsəlmansınız?” "Bəli. Müsəlman kimi doğulmuşam, müsəlman kimi də yaşayıram. Xristian dininə aid medalyon avtomobilin əvvəlki sahibindən qalıb. Maşını ondan alanda medalyonu açıb götürmədi, yerində qalmağını istədi. Etiraz etmədim. Allah birdir”.
Azərbaycanlıların son mənzilləri
Tamaz müəllimlə yol boyu söhbətimizdən məlum olur ki, övladları və nəvələrinin adları Azərbaycan və türk adlarıdır. Oğluna atasının adını qoyub. Kürəkəni türkdür. Nəvələrinin adı Əmir və Dəmirdir.
Batuminin mərkəzdən uzaq Feiri deyilən hissəsində yerləşən qəbiristanlığa çatırıq. Məzarlıqda müxtəlif dinlərin nümayəndələri dəfn olunub. Tamaz müəllimin bələdçiliyi ilə həmyerlilərimizin və soydaşlarımızın məzarlıqlarına yaxınlaşıram. Budur Hüseynovlar, Əhmədovlar, Bağırovlar, şuşalı Münəvvər Axund qızının son mənzilləri.
.jpg)
Bir məzarlıqda üzərində ərəb qrafikalı Azərbaycan əlifbasında yazılan iki qədim başdaşı da diqqətimi çəkir. Köhnə məzarların nişanələri baxımsız vəziyyətdədir, hasara söykənilmiş haldadır. Yəqin edirəm ki, unudulmuş iki məzarın aid olduğu nəslin nümayəndələrindən Batumidə yaşayanı qalmayıb. Bəlkə də bəzi soydaşlarımız əcdadlarının xatirələrinə qarşı etinasızlıq göstərirlər.
.jpg)
Bağırovların məzarlıq yerində Tamaz müəllimin atası Rəşid Bağırov, anası Fatimə Bağırova, qardaşı Xudat Bağırov, yaxınlıqda nənəsi Münəvvər Bağırova Əhməd qızı və onun qızı Suğra Bağırova bir məzarda dəfn olunub. Şuşalı Münəvvər xanımla Batumiyə gəlmiş qulluqçuları da bu məzarlıqda onun yanında uyuyurlar.
.jpg)
Tamaz müəllimin sözlərinə görə, atası Rəşid Bağırov Batumidə zavodda çalışıb, 51 yaşında vəfat edib. Əmisi Kamal Bağırovun həyat yoldaşı Bakı ermənisi olub. Kamal Bağırovun oğlu Fransada yaşayır. O, atasının külünü aparıb Bakıda anasının yanında dəfn etmək istəyir və bunun üçün əmisi Tamaz Bağırovdan bu yaxınlarda kömək istəyib.
"Bağırov soyadını qürurla daşıyıram”
Soydaşımla qəbiristanlıqdan çıxıb maşınla şəhər mərkəzinə doğru yollanırıq. Tamaz müəllimdən hazırda Batumidə yaşayan azərbaycanəsilli şəxslərin sayını maraqlanıram. Məlum olur ki, 1990-cı ilə qədər Batumidə yerli azərbaycanlıların sayı çox olub.
.jpg)
"Hazırda sayımız azdır. Bizdən başqa Əhmədovlar da var. Qamsaxurdiyanın vaxtında Batumini tərk edən azərbaycanlılar çox oldu. Soyadlarını dəyişənlər də oldu. Tanıdığım Məmmədov var idi. Özünün və övladlarının soyadın Mamiaşviliyə dəyişdirdi. Onun həyat yoldaşı acar idi, uşaqları gürcü məktəbində təhsil alırdı. Məmmədov familiyasını dəyişməsinin səbəbini belə izah etdi ki, gələcəkdə azərbaycanlı soyadı övladlarına problemlər yarada bilər. Dinini dəyişən azərbaycanlılar da oldu. Mən soyadımı dəyişmədim. Soyadı dəyişməyi mənsub olduğun nəslə, millətə və köklərə xəyanət hesab edirəm. Mən də, oğlum da Bağırov soyadını qürurla daşıyırıq. Oğlum Rəşid Bağırov Londonda təhsil alıb, Batumidə sərhəd departamentində kapitan kimi çalışır. Ad-soyadına görə hər hansı bir sıxıntısı yoxdur, təzyiq də göstərilmir”.
Soydaşım özü haqqında qısaca bunları söyləyir:
"Keçmiş dənizçiyəm. Gəmidə aşpaz kimi çalışmışam. Hazırda iş adamıyam. Muğamat dinləməyi çox sevirəm. Belə bir adətim var: Evdə hər axşam şam yeməyindən sonra dişləmə qənd ilə armudu stəkanda çay içirəm. Çayı isə mənə Bakıdan göndərirlər. Ən yaxşı çay Azərbaycan çayıdır. Həyat yoldaşım batumili abxazdır, o da müsəlmandır”.
Tamaz müəllim həmyaşıdları olan tipik azərbaycanlı kişisinə xas iki əsas cəhəti sadaladı. Muğam dinləmək və armudu stəkanda çay içmək. O, əsl azərbaycanlıdır.
.jpg)
"Qarabağ zəfərinə çox sevindim”
Soydaşım məni xahiş etdiyim yerdə maşınından düşürməyə hazırlaşır. Onunla tanışlığımızdan hədsiz məmnunluğumu ifadə edirəm. Maraqlı söhbətə və azərbaycanlı köklərinə sadiq qaldığına görə təşəkkürümü kiçik hədiyyəmlə ifadə etməyə bilmirəm. Çantamdan Azərbaycan bayrağı və Zəfər rəmzimiz Xarıbülbülün təsvirində döş nişanlarını çıxarıb Tamaz müəllimə təqdim edərək deyirəm: "Əminəm ki, hər iki nişanı qürurla yaxanıza taxacaqsınız”. Xarıbülbülün Qələbə simvolumuz olduğunu bildirirəm. Tamaz müəllim "Çox sağ olun. Qarabağın azad edilməsi ilə bağlı qələbənin?” deyib soruşur. "Bəli” cavabımı alandan sonra "Mən çox sevinirdim. (baş barmağı ilə "əla” işarəsini göstərdi) Azərbaycanın Batumidəki Baş konsulluğu məni tədbirlərə dəvət edəndə nişanları mütləq yaxama taxacağam” dedi.
Soydaşımla sağollaşıram. Tamaz müəllim xahiş etdi ki, Batumiyə növbəti dəfə gələndə ona mütləq xəbər edim: "Bu gün təəssüf vaxtım yoxdur. Amma sizi şəhərin görməli yerlərini məmnuniyyətlə göstərərdim. Gələn səfər. Təki sağlıq olsun”.
Bağırov varlığı ilə sübut edir ki, assimilyasiya şüurlu seçimdir. Özü demişkən, mən soyadımı dəyişmək istəməyəndən sonra məni buna kim məcbur edə bilər? Batumili soydaşımız ana dilində danışa bilməsə də, milli dəyərlərimizə, köklərimizə bağlılıq, sadiqlik və yüksək ehtiramı onu əsl azərbaycanlı edir.