"Bizim universitetlərimiz bir-biri ilə əlaqədə ola, təcrübələrini, elm, mədəniyyət, texnologiya sahələrində təcrübələrini bölüşə bilərlər".
Bu sözləri İran Prezidenti Məsud Pezeşkian Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda söyləyib.
Maraqlıdır, universitetlərimiz biri-biri ilə nə kimi təcrübə bölüşə bilər?
Təhsil eksperti Kamran Əsədov Hit.az-a deyib ki, Azərbaycan və İran universitetləri arasında əməkdaşlıq məsələsi yalnız diplomatik jestlərlə deyil, həm də real təhlil və praktik imkanlar əsasında qiymətləndirilməlidir. İki ölkə arasında tarixi, coğrafi və mədəni yaxınlıq olsa da, ali təhsil sahəsində inkişaf səviyyələri və idarəetmə modelləri fərqlidir:
"İranın ali təhsil sistemi mərkəzləşdirilmiş, ciddi ideoloji nəzarətə tabe olan, lakin eyni zamanda müəyyən sahələrdə, xüsusilə tibb, mühəndislik və texnologiya istiqamətində yüksək səviyyədə inkişaf etmiş bir sistemdir. Azərbaycan universitetləri isə son illər Avropa təcrübəsini əsas tutaraq muxtariyyətə doğru addımlayır və beynəlxalq reytinqlərdə mövqeyini yaxşılaşdırmağa çalışır. Elm sahəsində əməkdaşlıq imkanları real və məqsədəuyğundur. İran hazırda tibb və əczaçılıq sahəsində regional lider hesab olunur. “Scopus” və “Web of Science” bazalarında yayımlanan statistikaya görə, İran 2023-cü ildə dünyada elmi məqalələrin sayı baxımından 15-ci yerdə qərarlaşıb. Bu, xüsusilə tibb və mühəndislik sahələrində yüksək məhsuldarlıq və araşdırma potensialı deməkdir. Azərbaycan isə 2023-cü ildə elmi məqalələrin sayına görə 80-ci yerdədir. Belə bir fərq fonunda, xüsusilə , səhiyyə texnologiyaları, biotexnologiya, genetika sahələrində birgə laboratoriya proqramlarının qurulması Azərbaycanın elmi potensialını artırmaq üçün bir fürsət ola bilər.
Lakin burada bir risk də var: İranın bəzi sahələrdə beynəlxalq sanksiyalara məruz qalması əməkdaşlığın qlobal akademik dairələrdə qəbuluna mənfi təsir edə bilər. Bu isə, Azərbaycan universitetlərinin beynəlxalq səviyyədə nüfuzuna zərbə vura bilər. Ona görə də əməkdaşlıq sahələri diqqətlə seçilməli və əsasən fundamental elmi sahələrdə ortaq layihələrə üstünlük verilməlidir.
Texnologiya sahəsində təcrübə bölüşmək məsələsində İranın mühüm üstünlükləri var. İran kosmik texnologiyalar, pilotsuz uçuş aparatları və informasiya texnologiyaları sahəsində regionun ən iddialı ölkələrindən biridir. İranın Şərif Texnologiya Universiteti və Tehran Universiteti mühəndislik və kompüter elmləri sahəsində regionun ən güclü ali təhsil müəssisələri sırasındadır. Azərbaycan isə bu sahədə ADA Universiteti, Bakı Ali Neft Məktəbi və bəzi texnoparklar vasitəsilə irəliləyir. Ancaq İranın texnoloji inkişafı əsasən daxili bazar üçün yönəldilib və beynəlxalq rəqabətliliyi məhduddur. Dünya təcrübəsində, məsələn, Almaniya və Koreya universitetlərinin qarşılıqlı texnoloji təcrübə mübadiləsi konkret məhsul bazarına çıxış məqsədi daşıyır. Azərbaycan və İran arasında belə bir realgörünən məhsul bazarı yoxdur. Buna görə də, texnoloji sahədə əməkdaşlıq ancaq müəyyən niş sahələrdə – məsələn, suvarma texnologiyaları, ağıllı kənd texnologiyaları kimi spesifik layihələr üzrə məhdudlaşdırılsa daha məqsədəuyğun olar".
Ekspert hesab edir ki, mədəniyyət sahəsində əməkdaşlıq isə daha geniş potensiala malikdir və demək olar ki, riskləri yoxdur. Azərbaycan və İran ortaq mədəni irsə malikdir, xüsusilə ədəbiyyat, musiqi və sənətkarlıq sahəsində bir çox ortaq cəhətlər mövcuddur:
"UNESCO tərəfindən qorunan qeyri-maddi mədəni irs nümunələrinin (Novruz bayramı, Muğam və s.) birgə araşdırılması, müştərək mədəni layihələrin təşkili və mübadilə proqramları uğurlu əməkdaşlıq sahələri kimi çıxış edə bilər. Dünya təcrübəsində Fransa və İtaliya universitetləri arasında mədəniyyət sahəsində belə əməkdaşlıqların daha uğurlu nəticələr verdiyi məlumdur. Azərbaycan və İran universitetləri ortaq mədəni tədbirlər, tələbə mübadiləsi proqramları və ədəbiyyat konfransları təşkil etməklə həm akademik, həm də ictimai əlaqələri gücləndirə bilər.
Təhsil proqramlarının inkişafı və idarəetmə təcrübələrinin bölüşdürülməsi sahəsində İranın modeli Azərbaycan üçün tam uyğun deyil. İranın ali təhsil sistemi ciddi dini və siyasi nəzarət altındadır. Təhsil Nazirliyinin 2021-ci ildə qəbul etdiyi “Ali Təhsil Təşkilatı Qaydaları” (Iran’s Higher Education Act) dövlətin ali məktəblərdə kadr təyinatlarına, dərs proqramlarına və elmi tədqiqatların istiqamətlərinə birbaşa müdaxiləsini təmin edir.
Azərbaycanda isə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən universitetlərin akademik və inzibati muxtariyyəti təmin olunmalı, dövlət müdaxiləsi minimuma endirilməlidir (məsələn, 2009-cu il, 833-IIIQ nömrəli qanun, 12-ci maddə). Buna görə də, təhsil idarəetməsi və akademik azadlıq sahəsində İran təcrübəsinin Azərbaycanda tətbiqi nə məqsədəuyğun, nə də hüquqi baxımdan mümkündür. Əksinə, Azərbaycan daha çox Avropa İttifaqı ölkələrinin ali təhsil modelinə inteqrasiyanı sürətləndirməlidir. Əməkdaşlığın müsbət tərəfləri arasında qarşılıqlı elmi potensialın artırılması, ortaq tədqiqat fondlarının yaradılması, tələbə və müəllimlərin beynəlxalq mobilitesinin artırılması, mədəni diplomatiyanın inkişafı göstərilə bilər. Mənfi tərəflər isə müəyyən sahələrdə beynəlxalq sanksiya riskləri, akademik azadlıq fərqləri, texnoloji məhsulların beynəlxalq rəqabətə uyğun olmaması kimi problemlərdir.
Əgər bu əməkdaşlıq reallaşarsa, Azərbaycanda elmi və texnoloji inkişaf sahələrində müəyyən irəliləyişlər ola bilər. Universitetlərin beynəlxalq əməkdaşlıq xəritəsi genişlənər, tələbələrin və tədqiqatçıların yeni imkanları yaranar. Ancaq dəyişməli olan əsas məsələ əməkdaşlığın strukturlaşdırılmasıdırYəni, təsadüfi səfərlər və ümumi bəyanatlarla kifayətlənmək yox, konkret sahələr üzrə 3-5 illik ortaq proqramlar hazırlanmalı, nəticələr mütəmadi monitorinq edilməlidir. “Azərbaycan-İran Ali Təhsil Əməkdaşlıq Komitəsi” kimi birgə idarəetmə mexanizmi qurulmalıdır. İdeoloji, siyasi və beynəlxalq hüquqi risklər isə əvvəlcədən nəzərə alınaraq əməkdaşlığın çərçivələri aydın şəkildə müəyyən edilməlidir.
Dünya təcrübəsi göstərir ki, effektiv beynəlxalq universitet əməkdaşlığı yalnız qarşılıqlı maraq əsasında, elmi azadlıq və innovasiya yönümlü proqramlar çərçivəsində mümkün olur. Məsələn, Yaponiya və Sinqapur universitetləri arasında qurulan texnoloji konsorsiumlar məhsul yönümlü tədqiqatlara əsaslanır və hər iki tərəfə iqtisadi və elmi dividend gətirir. Azərbaycan və İran arasında da əməkdaşlıq sadəcə “çox yaxşı niyyətlərlə” yox, real, ölçüləbilən nəticələr verəcək konkret sahələr üzrə qurulmalıdır".
Sevinc