"Çin-Azərbaycan birgə Universiteti gələcək perspektivdə açıla bilər".
Bu sözləri təhsil eksperti Cahid İmanlı Hit.az-a açıqlamasında deyib.
Lakin onun sözlərinə görə, bunun qısa müddət ərzində baş verməsi bir qədər çətindir:
"İlk növbədə bunun üçün iki ölkə arasında niyyət protokolu imzalanmalıdır. Hazırda bu universitetin yaradılması haqqında tərəflər arasında rəsmi şəkildə razılaşma yoxdur".
Mütəxəssis qeyd edib ki, bu ideya ilk dəfə gündəmə gəlir:
"Hazırkı vəziyyətdə Azərbaycan cəmiyətinin və təhsilinin daha çox Avropaya inteqrasiyası maraqlıdır. Uzaq Şərqdə hansısa bir dövlətlə ortaq Universitetin açılması ideyası ilk dəfə gündəmə gəlir.
Bunun üçün əvvəlcə Çin təhsil modeli diqqətlə öyrənilməli, Çin və ingilis dillərini bilən müəyyən sayda kadr potensialı yaradılmalıdır. Bütün bunlardan sonra isə sözügedən istiqamətdə işlərə başlanmalıdır".
Cahid İmanlı vurğulayıb ki, Çin təhsili son illərdə yüksəliş dövrünü keçirir:
"Xüsusilə yeni, innovativ, praktiki və birbaşa istehsala tətbiq sahəsində uğurlu addımlar atılır. Hazırda Azərbaycandan Çində təhsil alan tələbələrin sayı Türkiyə və Avropaya nisbətən çox az, hətta 1 faizin altında, təxmini 200 nəfərdir.
Çin-Azərbaycan Universitetinin yaradılması heç şübhəsiz ki, Çin təhsilinin Azərbaycana tövhəsi sayıla bilər. Bu, Çin üçün Azərbaycanla əlaqələrdə kadr hazırlığı, bəlli sayda "insan kapitalı" rolunu oynayacaq. Azərbaycansa bununla yanaşı, Çinin uğurlu təhsil modelini də mənimsəyib tətbiq edə bilər".
Pərviz