"Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilib.
HİT.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib.
İndiyə qədər I ixtisas qrupu üzrə riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq informatika fənnindən fərq imtahanı verməli idi.
Qərara əsasən, bu tələb ləğv olunub.
Dəyişikliyə əsasən, abituriyentlər hər sessiyada ali təhsil müəssisələrinə imtahanda iştirak üçün qeydiyyat zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməlidirlər.