Bakıda kişi keçmiş arvadını və tanışlarını kriptovalyuta vədi ilə aldadaraq 100 min manat ələ keçirməkdə ittiham olunur.
“Qafqazinfo”nun məlumatına görə, ittihama əsasən, 43 yaşlı Kənan Balasənli onları asan yolla artıq pul qazanacaqlarını deməklə şirnikləndirib.
Təqsirləndirilən şəxs bu adla arvadından 93 min 500 manat alıb. Amma “kriptovalyutaçı” bu pulu ələ keçirib. Sözügedən hadisədən sonra cütlük ayrılıb.
Balasənlinin toruna düşənlərdən biri də Qan Donorları Assosiasiyası İctimai Birliyinin sədri Fuad Əsgərovdur. O, 17 il yataq xəstəsi olub, möcüzə nəticəsində ayağa qalxıb.
Fuad Əsgərov məhkəmədə deyib ki, Kənan onun son dərəcə ağır xəstəlikdən əziyyət çəkən bacısı üçün topladığı 300 dolları ələ keçirib. Təqsirləndirləndirilən şəxs həbsindən 1 gün əvvəl 300 dolları qaytarıb. Zərərçəkmiş maddi tələb irəli sürməsə də, mənəvi ziyanı bağışlamır: “Bu adam mənim ağır xəstə bacım üçün topladığım pulu mənimsədi. Dedi ki, 300 dolları bir həftəyə 700 dollara çatdıracaq. O vaxt pula çox ehtiyacım var idi, yoxsa belə təklifə razı olmazdım. Mənim çarəsizliyimdən və etibarımdan sui-istifadə etdi”.
İstintaq materiallarında yazılıb ki, Kənan Balasənli digər zərərçəkmişləri də eyni vədlə aldadıb.
Məhkəmə istintaqının sonunda müttəhimin keçmiş arvadı 93 min 500 manatlıq mülki iddia qaldırıb. Pulunu qaytarmayacağı halda şikayətçi qalacağını deyib.
Növbəti həftə prokuror ittiham nitqi ilə çıxış edəcək.