Türkiyənin məşhur iş adamlarından və investorlarından biri Evrən Üçok dünya şöhrətli şahmatçımız Şəhriyar Məmmədyarova dəstək olmaq qərarına gəlib.
Bakuplus.az bu barədə etibarlı mənbələrdən məlumat əldə edib.
Məşhur “Trendyol” brendinin qurucusu, şirkətin keçmiş rəhbəri olan Üçok Şəhriyar Məmmədyarovun dünya çempionu olmağı üçün hər cür dəstəyi göstərməyə hazır olduğunu bildirib. Üçok türk yeniyetmələrinin şahmat üzrə dünya çempionu olması məqsədilə onlara ciddi maddi dəstək verir. Onların daha yaxşı yetişdirilməsi məqsədilə Şəhriyar da müəllim kimi Türkiyəyə dəvət olunub. Sonrakı müzakirələrdə isə qərara alınıb ki, Şəhriyara da dünya çempionu olması üçün gərəkli dəstək verilsin. Qeyd edək ki, şahmat tarixinin ən güclülərindən sayılan, 5 qat dünya çempionu Magnus Karlsen 2023-cü ildə bir daha bu yarışda iştirak etməyəcəyini bildirib və son iki dünya çempionatına qatılmayıb. Üçok hesab edir ki, məhz bu məqam Şəhriyarın dünya çempionu olması üçün bir şansdır və bu prosesə ciddi dəstək lazımdır.
Üçok Şəhiryarın bacısı oğlu 9 yaşlı Atilla Ormana da gələcəkdə böyük uğurlar qazanması üçün dəstək verir.
Maraqlıdır ki, Məmmədyarovlar Azərbaycanda üç qrossmeyster olan yeganə ailədir. Zeynəb Məmmədyarova, Şəhriyar Məmmədyarov, Türkan Məmmədyarova Azərbaycanda və dünyada tanınan şahmatçılardır.
Onu da xatırladaq ki, Şəhriyar Məmmədyarov bir neçə dəfə Azərbaycanda ona olan diqqətsizlikdən, şahmatçı kimi heç bir dəstək görmədiyindən şikayətlənib.