Sabiq sədr SSRİ bayrağına görə cinayət məsuliyyəti daşıyacaq? - AÇIQLAMA

ÖLKƏ
15:45 / 14.05.2025
66

İmişli rayonunda 9 May Qələbə günü tədbiri zamanı keçmiş SSRİ-nin bayrağı qaldırılıb. Hadisə rayonunun Sarıxanlı kəndində baş verib. SSRİ bayrağı İkinci Dünya müharibəsi xatirə kompleksinin üzərinə sancılıb. Sosial şəbəkədə yayılan görüntülər cəmiyyətdə birmənalı qarşılanmayıb. 

Tədbirdə həmçinin, rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı fonunda sinəsində Rusiya imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edib. Artıq ötən gün Azərbaycan Ağsaqqallar Şurası Saleh Səmədova görə toplaşıb. Onunla bağlı qərar verilib və Azərbaycan Ağsaqqallar Şurasından kənarlaşdırılıb. 

Qeyd edək ki, keçmiş kommunist ölkələrindən bəzilərində SSRİ simvollarından istifadə qanunla qadağandır və bu simvollarla ideologiyanı təbliğ edənlər məsuliyyətə cəlb olunur.

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən hüquq müdafiəçisi Çingiz Qənizadə bidirib ki, bəzi təşkilatlar müəyyən ölkələrdə terror təşkilatı kimi tanınır. Bu dövlətlərdə təbii ki, həmin təşkilatın simvollarından belə, istifadə qadağan edilir: 

“İmişlidə baş verən hadisələrə gəldikdə isə həmin görüntüdə “Georgi lenti”ndən istifadə etməyin ölkəmizdə heç bir hüquqi məsuliyyət tərəfi yoxdur. Ölkə qanunvericiliyinə görə bunun cinayət məsuliyyəti tələb edən tərəfi yoxdur, lakin mənəvi məsuliyyət tərəfi çoxdur. Çünki biz müstəqil dövlətik. Bundan əvvəl SSR-i müstəqilliyimizi məhdudlaşdırıb və Çar Rusiyası Azərbaycanın ikiyə bölüb. Bu gün Rus imperiyasına məxsus simvolların Azərbaycanda istifadə olunması məqsədə uyğun deyil və bunun mənəvi tərəfi ciddidir”.

Ç. Qənizadə vurğulayıb ki, SSR-nin bayrağından və “Georgi lenti”dən istifadə edənlər siyasətçi olsaydılar cinayət məsuliyyətinə cəlb oluna bilərdilər:

“Nəzərə alsaq ki, bu adamlar siyasətçi deyillər. İmişlinin deputatı olduğum dövrdən o görüntüdə olan ziyalıların böyük əksəriyyətini tanıyıram. O cümlədən də rayonun Ağsaqqallar Şurasının sədri Saleh Səmədovu da tanıyıram. Onlar bu hərəkətin siyasi tərəfini bilməyərək yanlış addım atıblar, ona görə də mən Şura xətti ilə İmişliyə dəvət olunsam həmin şəxslərə siyasi savadsızlıqdan irəli gələrək atdıqları addıma görə 1 saatlıq mühazirə deyə bilərəm”. 

“Biz müstəqil ölkəmizdə müstəqil şəkildə faşizm üzrə qələbə gününü qeyd edə bilərik”- deyə sonda o qeyd edib. 

0