Çayxana, restoran kimi məkanlarda bunlara RİAYƏT OLUNMALIDIR

ÖLKƏ
11:43 / 21.05.2025
71

"Kafe, restoran və çayxana başda olmaqla bütün iaşə obyektlərdə yanğın təhlükəsizliyi məsələsinə ciddi riayət etmək lazımdır".

Bu sözləri təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bu, qanunvericilikdə və yanğın təhlükəsizliyi ilə bağlı normativ tələblərdə də öz əksini tapıb:

"Bütün təyinatlı obyektlərdə yanğın təhlükəsizliyi ilə bağlı qaydalara və təlimatlara mütləq şəkildə ciddi riayət olunmalıdır. İstənilən obyektdə ilkin yanğınsöndürən vasitələrdən yanğın xəbərdaredici siqnalizasiya sisteminə qədər hər şeyin yerində olması lazımdır. Eyni zamanda, məkanın elektrik təsərrüfatı da saz vəziyyətdə olmalıdır".

373923

Ekspert vurğulayıb ki, bunların hər biri yanğın təhlükəsizliyinə dair olan tələbələrdir:

"Həmçinin, hər bir obyektdə ehtiyat su çəninin, yanğın hidrantlarının və yanğın dolablarının olması mütləqdir. Sadalanan hər bir şey işlək və saz vəziyyətdə olmalıdır. 

Bundan başqa, obyektlərin izolyasiyası və müqavimətə dayanıqlılığı da yoxlanılmalıdır. Həmin yoxlamalar ixtisaslaşmış müəssisələr tərəfindən aparılmalıdır. Sözügedən məkanlarda ən azından ildə bir dəfə sınaq protokolu tərtib olunmalıdır". 

Mütəxəssis qeyd edib ki, elektrik naqillərinə də hər hansısa kənar müdaxilələr yolverilməzdir:

"Bundan əlavə, nasaz vəziyyətdə olan naqillərdən də istifadə etmək olmaz. Çünki bu, qızma, qısaqapanma və alışmaya gətirib çıxara bilər. Həmçinin, iaşə obyektlərində çalışan işçilərin də yanğınla bağlı bilik və bacarıqlarının olması labüddür".

Elmar Nurəliyev sözügedən iaşə obyektlərində mətbəxlərdə yanğın təhlükəsizliyinə xüsusi diqqət edilməli olduğunun vacibliyindən danışıb:
"Mətbəxin tüstü bacalarında yağ qalıqları qala bilər. Bunun isə yanğın riski yaratma ehtimalı var. Ona görə də ildə iki dəfədən az olmayaraq həmin bacalar təmizlənməlidir. 

Ümumiyyətlə, mətbəxdə tezalışan materialları saxlamaq olmaz. Bundan başqa, mətbəxdə həmişə yanğınsöndürən balon və xüsusi ədyallar olmalıdır". 

Pərviz

0