"Əfv sərəncamı Azərbaycan tarixində mütəmadi şəkildə həyata keçirilir. Bu, hüquqi və humanitar institutlardan birinə çevrilib".
Bu sözləri siyasi şərhçi Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra çox sayda əfv və amnistiya aktları imzalanıb:
"Demək olar ki, onların hamısı 1993-cü ildən sonrakı dövrə aiddir. Bütün bunlar ölkədə hüquqi dövlət quruculuğunun fasiləsiz tətbiq edildiyini və inkişafını göstərir. Hər dəfə yüzlərlə insanın əfv olunması artıq Azərbaycan dövlətçiliyinin hüquq fəaliyyətinin və Prezidentin humanitar siyasətinin tərkib hissəsinə çevrilib".
Ekspert qeyd edib ki, bu il də 200-dən çox şəxsin əfv olunması Azərbaycan dövlətinin humanist mövqeyinin təzahürüdür:
"Bu, dövlətin humanist və hüquqi instituta nə qədər hörmətlə yanaşdığını bir daha sübut edir. Həmin insanlar həyatlarının müxtəlif mərhələlərində buraxdıqları səhvin, cinayətin həm cəzasını hüquqi şəkildə alır, həm də onların cəzalarının müəyyən bir hissəsi dövlət başçısı tərəfindən bağışlanır. Bütün bunlar həm hüquq-cəza sisteminin tam fəaliyyətdə olduğunu göstərir, həm də hüquq-əfv sisteminin davamlı bir instituta çevrildiyini sübut edir".
Aydın Quliyev vurğulayıb ki, əfv sərəncamı Azərbaycan cəmiyyəti ilə dövlətimiz arasında hüquqi humanitar müstəvidə dialoqun və qarşılıqlı anlaşmanın da ən mühüm formalarından biridir:
"Cəmiyyət bütün əlamətdar günlərdə dövlətdən belə addımların atılmasını gözləyir. Əksər hallarda cəmiyyətin əfv və ya amnistiya gözləntilərinə qarşılıq verilir. Əfv və amnistiya aktlarının demək olar ki, hamısı cəmiyyətin gözləntilərinə bu və ya digər formada cavab verir. Prezident İlham Əliyevin əfv sərəncamları həm də Azərbaycan cəmiyyəti ilə dövlət arasında qarşılıqlı anlaşmanın mühüm göstəricilərindən biridir".
Müsahibimiz diqqətə çatdırıb ki, cəmiyyət bunu dövlətin humanist siyasətinin təkib hissəsi kimi qəbul edir:
"Nəzərə almaq lazımdır ki, əfv və ya amnistiya ilə azadlığa buraxılmış şəxsin yenidən cinayət və yaxud hüququ pozuntusu törətməsi çox nadir hallarda müşahidə olunur. Az qala yox dərəcəsindədir. Bu, bir daha sübut edir ki, cinayətin cəzalandırılması da, cəzanın əfv olunması da ümumi şəkildə cəmiyyəti qane edən prinsiplər çərçivəsində həyata keçirilir".
Pərviz