Məktəblərdə şagirdlərə yalandan yüksək qiymət yazılır? - AÇIQLAMA

ÖLKƏ
11:39 / 04.06.2025
148

Tam orta məktəbi bütün fənlərdən “5” qiymətlə bitirən məzunların yalnız 43,30 faizi attestat qiymətlərini doğrulda bilib. 

Bu məlumat Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi nəşr etdiyi "Abituriyent 12" jurnalında dərc olunub. 

Maraqlıdır, bunun əsas səbəbləri nələrdir? Məktəblərdə şagirdlərə yalandan artıq qiymət yazılır? 

Mövzu ilə bağlı təhsil eksperti Cahid İmanlı Hit.az-a açıqlama verib. O bildirib ki, "5" alan şagirdlərin qiymətlərini doğrulda bilməməsinin bir neçə səbəbi var:

375028

"Birinci növbədə məktəbdə düzgün qiymətləndirmə mexanizminin və üsullarının olmamasıdır. Hazırda şagirdlərin məktəbdaxili qiymətləndirilməsi kiçik və böyük summativlər əsasında həyata keçirilir. Bu summativlər də demək olar ki, 99 faizi test vasitəsilə aparılır".

Ekspert qeyd edib ki, əksər hallarda summativlərin sualları əvvəlcədən şagirdlərdə olur:

"Bəzən müəllimlərin, bəzən də məktəb rəhbərliyi tərəfindən keçirilən summativlərin suallarının məzmunu şagirdlərə öncədən məlum olur. Çünki müəllimlərin əksəriyyəti hər sinif üzrə ayrıca summativ tərtib etmir. Çox vaxt sosial şəbəkələrdə mövzusu olan summativləri hazır olaraq götürürlər. Bəzən də summativləri şagirdlərin özlərinə çap etdirirlər. Bu da şagirdlərin əvvəlcədən sualların məzmunundan xəbərdar olmasına səbəb olur".

Mütəxəssis diqqətə çatdırıb ki, nə qədər nəzarət edilsə də, sinifdə şagirdlərin bir-birindən köçürməsi yenə müşahidə olunur:

"Nəzərə almaq lazımdır ki, Dövlət İmtahan Mərkəzi (DİM) kimi ciddi bir qurum tərəfindən keçirilən imtahanlarda belə köçürülmə hallarının baş verməsi mümkündür. Hərçənd ki, həmin imtahanlar çox ciddi şəraitdə həyata keçirilir və siniflərdə bir neçə nəzarətçi olur. Amma yenə də köçürmə halları müşahidə edilir. Ümumiyyətlə, 35-40 şagirdin olduğu bir sinifdə iki variantlı summativin köçürülməsinə müəllim tam nəzarət edə bilmir. Nəticədə, şagirdlər köçürdükləri üçün qiymətləri həddindən artıq dərəcədə şişirdilir".

Cahid İmanlının sözlərinə görə, bəzi müəllimlər də obyektiv və subyektiv səbəblərdən şagirdlərə müsbət qiymət yazmağa məcbur olurlar:

"Müəllim adətən sinifin səviyyəsinə görə qiymətləndirmə aparır. Məsələn, sinifdə hansısa bir şagird davamlı olaraq dərslərdə iştirak etmədiyi və ya yaxşı hazırlaşmadığı üçün onun qiyməti "2" olur. Lakin bu zaman bəzi müəllimlər güzəşt edərək ona nisbətən yüksək qiymət yazırlar. Nəticədə, sinifin səviyyəsinə görə həmin şagirdlər müqayisədə daha yaxşı oxuyanlara "4" və "5" qiymətləri vermək məcburiyyətində qalırlar. 

Bundan başqa, səbəblərdən biri də direktorların müdaxiləsidir. Bəzi hallarda direktorlar şagirdlərdən pul alaraq onlara "5" qiyməti yazdırırlar".

Pərviz

0