"Uşaqların Rəngli Dünyası" adlı Uşaq Festivalı keçirildi - FOTO

ÖLKƏ
11:26 / 04.06.2025
153

1 iyun 2025-ci il tarixində Yasamal parkında Yasamal Rayon İcra Hakimiyyətinin dəstəyi, UNEC İnklüziv Təhsil Mərkəzi və "Zəfər Yolu" İctimai Birliyinin birgə təşkilatçılığı ilə əlilliyi olan uşaqlar üçün "Uşaqların Rəngli Dünyası” adlı festival keçirilib.

HİT.az xəbər verir ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova və Milli Məclisin VII çağırış deputatı Elnarə Akimova iştirak ediblər.

Festivalın açılışında UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova çıxış edərək mərkəzin yaradılma məqsədi, fəaliyyəti və gələcək planları haqqında məlumat verib. O, inklüziv təhsilin cəmiyyətin bütün üzvləri üçün bərabər imkanların yaradılması və sosial inteqrasiyanın təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Həmçinin bu sahədə həyata keçirilən layihələrin davamlı inkişafının vacibliyini qeyd edib.

Daha sonra "Zəfər Yolu" İctimai Birliyinin sədri Pərvanə Salmanqızı Abdullayeva və "Gənclərə Psixoloji Dəstək" İctimai Birliyinin sədri Leyla Salmanlı da çıxış edərək tədbirin sosial əhəmiyyətindən danışıblar.

Festival çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasının solistləri Nəzrin Nur və Nurlan Namazov, UNEC məzunu gənc müğənni Fərid Mərd və digər ifaçılar maraqlı musiqi nömrələri ilə çıxış edərək tədbirə xüsusi rəng qatıblar.

Tədbirin əsas məqsədi həssas kateqoriyaya aid uşaqlar üçün əyləncəli və yaddaqalan bir gün təşkil etmək olub. Bu cür təşəbbüslər inklüziv cəmiyyətin formalaşmasına və uşaqların sosial adaptasiyasına mühüm töhfə verir.

0