Bu yay fəslində anomal istilər olacaq? - AÇIQLAMA

ÖLKƏ
09:15 / 05.06.2025
114

"Son bir neçə ildə iqlim dəyişikliyi məsələsi gündəmə gətirilib". 

Bu sözləri "Biosfer" İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Hit.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, xüsusən də televiziya və mətbuatda çox geniş yayılıb:

"Demək olar ki, artıq hamı hər gün iqlim dəyişikliyi ilə bağlı danışır. Çünki sosial şəbəkələr və mətbuatda bu mövzu müzakirə predmetinə çevrilir. Ona görə də hər il havanın temperaturunun 1-2 dərəcə daha artdığını düşünürük. Əslində, belə bir şey yoxdur. Bu, sadəcə havanın hərarətinin tədricən artmasıdır. Hansı ki, o da çox təbii bir prosesdir". 

375094

Ekspert bildirib ki, son illərdə havanın temperaturu iddia olunduğu kimi kəskin artmayıb:

"Bəli, orta illik hərarət artıq 2 dərəcəni keçib. Bu, elmi cəhətdən də qəbul olunur. Lakin bu, fəlakətin baş verdiyi və ya verəcəyi demək deyil. İnsanlar ətraf mühitə diqqət göstərməklə bu prosesi keçə biləcəklər".

Mütəxəssis bu yay ölkəmizdə havanın necə keçəcəyi ilə bağlı suala isə belə cavab verib:

"Bu il Azərbaycanda yay fəslinin necə keçəcəyini indidən dəqiq deyə bilmərəm. Hal-hazırda ölkə ərazisində sərin və yağıntılı hava hökm sürməkdədir. Lakin güman ki, bir neçə günə bu da çəkilib gedəcək və yenə havanın temperaturu yüksələcək. 

Bu mövsüm hələ ki, ölkəmizdə bahara xas olan isti havalar müşahidə olunmayıb. Ümid edirəm ki, bu yayımız da elə bir kataklizm olmadan keçəcək". 

Qorxmaz İbrahimli sözlərini belə yekunlaşdırıb:

"Ölkəmizdə rekord səviyyədə istilik gözlənilmir. Ümumiyyətlə, Azərbaycanda ən çox istilik olan yer Abşeron yarımadası və Mərkəzi Aran bölgəsidir. Qalan ərazilərimizdə isə havanın hərarəti normal olacaq. Yəni yay aylarında iddia olunduğu kimi anomal istilərin olacağı gözlənilmir". 

Pərviz

0