Magistraturaya qəbul: Ən çox plan yeri hansı universitetə ayrılıb?

ÖLKƏ
16:58 / 07.06.2025
62
Son illərdə magistraturaya qəbul planında nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur. Dövlət sifarişi və ödənişli əsaslarla ayrılan yerlərin bölgüsü ali təhsil sahəsində yeni meyllərin formalaşdığını göstərir. Xüsusilə Azərbaycan bölməsi üzrə plan yerlərinin artması bu sahəyə olan tələbatın yüksəldiyini ortaya qoyur.
 
AzEdu.az-ın Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi "Abituriyent 12” jurnalından əldə etdiyi məlumata görə, magistraturaya qəbul planı ötən illə müqayisədə 13,6 faiz (1099 yer) artıb.
 
Beləliklə, ümumilikdə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 15 902 plan yeri ayrılıb. Bu yerlərin 10 994-ü (69 faiz) Azərbaycan bölməsi, 7601-i (47,8 faiz) isə müsabiqə üçün nəzərdə tutulub.
 
Dövlət sifarişi əsasında qəbul aparılan 4065 yer ümumi qəbul planının 40,5 faizini təşkil edir. Bu yerlər arasında ən çox plan yeri təhsil ixtisaslarına (1691 yer və ya 41,6 faiz) və səhiyyə ixtisaslarına (680 yer və ya 16,7 faiz) ayrılıb.
 
Azərbaycan bölməsi üzrə plan yerlərinin nisbəti ötən illə müqayisədə artaraq 66,39 faizdən 69,05 faizə yüksəlib. Eyni zamanda rus bölməsinin payı 5,55 faizdən 4,78 faizə, hər iki bölmə üzrə birgə müsabiqə yerlərinin payı isə 28,06 faizdən 26,17 faizə qədər azalıb.
 
Qəbul planında ən çox yer Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) ayrılıb. Bu universitetin magistratura pilləsi üzrə planı ümumi plan yerlərinin 15,58 faizini təşkil edib.
 
UNEC-də magistratura səviyyəsinə ayrılan plan yerləri, bu ali məktəbin bakalavriat səviyyəsinə ayrılmış plan yerlərinin 59,69 faizinə bərabərdir. Bu göstərici həmin müəssisədə magistr hazırlığının beynəlxalq layihələr əsasında da aparılması ilə əlaqələndirilir.
 
Ölkə üzrə bəzi ali təhsil müəssisələrinin qəbul planında da ciddi artım qeydə alınıb. Belə ki, ötən illə müqayisədə cari ildə plan yerlərinin sayı Sumqayıt Dövlət Universitetində 2,5 dəfə, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 2 dəfə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 1,6 dəfə, Bakı Slavyan Universitetində 1,6 dəfə, Bakı Avrasiya Universitetində 1,5 dəfə, Azərbaycan Memarlıq və İnşaat Universitetində isə 1,4 dəfə artıb.
 
Bu dəyişikliklər, həm dövlətin təhsil siyasətindəki prioritet sahələri, həm də əmək bazarının real tələblərini nəzərə alaraq magistr təhsilinə marağın istiqamətlənməsi baxımından mühüm göstərici hesab olunur.
 
0