Səhərlə gecənin, şəhərlə kəndin qovşağında

ÖLKƏ
19:37 / 14.06.2025
83

Bakı Dövlət Universitetindən yuxarıda — Mətbuat prospektində, az qala, elə Universitet boyda tələbə yataxanası yerləşir.

Adətən Jurnalistika fakültəsinin tələbələri ənənəvi Quba səfərinə Universitetimizin önündən yola düşürlər. Amma indi fakültə müəllimlərimiz "Tələbə evi" qarşısında cəm oldular. 

Bu məqam mənə çox maraqlı və düşündürücü gəldi. Həm də ilk dəfəydi ki, səhərin gül camalına son dərəcə heyranlıqla tamaşa edirdim.

Yola düşməzdən öncə də, səfərdən qayıdanda da Ustad müəllimimiz Cahangir Məmmədli hamımızı bağrına basdı.

Beləcə, səfərimiz Universitetlə "Tələbə evi" arasında körpü rolunu oynayan yolla başladı. 

Və bizi ən əvvəl Bakı-Quba yolunun üstündəki "Körpü" restoranına gətirib çıxartdı. 

Bu gün bəşər çapında milli-mənəvi dəyərlərin savaşı getdiyi məqamda, iki diametral ziddiyyət arasında insanlığın, saf duyğuların, səmimi hisslərin, həqiqi doğmalığın köhnəlmiş formasiyalardan qalmadığını elmi bilikləri, düşünən beyinləri ilə isbata yetirən müəllimlərimlə süfrə arxasında birlikdə olmaq daxilimdəki məsuliyyət, həya məfhumunu daha qabarıq şəklə salmışdır.

Süfrədəki ən ləziz nemətlərlə bərabər, Tanrının söz adlı nemətinə də "bismillah" deyildi. Bundan sonra elmi əsaslara, tarixi faktlara söykənən söhbətlər, inkişafa istiqamətli mübahisələr mənə bir anlıq tələbə auditoriyalarındakı mühazirələri xatırlatdı. 

Vüqar Zifəroğlu Türk xalqlarından, onların ortaq dəyərlərindən, Azərbaycanın bu məsələdə ilk təşəbbüsündən, Nəmənd Rüstəmov 1948-1953-cü illərdə ermənilərin 150 min soydaşımızı dədə-baba torpaqlarından deportasiya etməsinin acı xatirəsindən və haqq-ədalətin öz yerini tapması, tezliklə Türklərin halal-hümmət torpaqlarına qayıdacağının sonsuz inamından, Zaur Babayev yurd yerlərinin qədimliyi, tarixiliyi, Şamaxının tarixin müəyyən zamanlarında təbii fəlakətlə üzbəüz qalmasından, dağılıb və yenidən dirçəlişindən, Cahangir Məmmədli ədəbi dilin milli orijinal normalarına münasibətdə həssaslığın vacibliyindən söz açdı. 

Əvvəla elə düşündüm ki, Ustadın ədəbi dilə münasibəti elmi müstəvidədir. Sonra anladım ki, ədəbi dil təkcə bədii əsər, elmi yazı dili deyil. İfadəli, obrazlı bədii dilin yaradıcısı, ən əvvəl xalqdır, yəni bu məsələ xalqın mayasında yoğrulur. 

Xalqın mayasında bir də kənd məhfumu vardır. Dünyanın sonunu bu anlayışın, dəyərin yoxa çıxmasında görən müəllimimiz ballı-qaymaqlı süfrənin hesabını ödəyəndə hiss etdik ki, bizə ikinci qonaqlığı elə kənddə verməsi üçün yaman tələsir. 

Demək olar ki, ünvan başına da az qalmışdı. Əgər bayaq Bakıdan bura az gedib, üz gedib, dərə, təpə, düz gedib çatmışdıqsa, buradan kəndə isə az gedib, saz gedib çatdıq. 

Ustad müəllimimizin xudmani kənd evinin rəngi avazıyan darvazasını görəndə yadıma Elbrus Ərudun sadə müəllim həyatının xarakteristikasını ən incə detalına qədər yüksək dəqiqliklə işlədiyi essesi düşdü. 

İçəriyə daxil olanda hər məqamı həmin essenin xüsusiyyətlərilə xatırlayır, sanki yazıdakı ştrix-kodları açmağa çalışırdım. Sevincli günlərdən idi. Xoşbəxt saatları yaşayırdıq.

Bu səfərə, bu kənd həyatına, xoş günə xüsusi bir gözəlliyi, əvvəl Cahangir müəllimin nəvələri zənn etdiyim iki gözəl balalar bəxş edirdilər. 

Sonradan bildim ki, bu ağıllı balalar Samir Xalidoğlu və Nəmənd Rüstəmovun övladlarıdır. Onlar da valideynləri — ataları kimi bir-birinə münasibətdə çox mehriban, doğma idilər. Çox keçmədi ki, ağıllı balalar mənim kim olduğumu soruşanda, Samir Xalidoğlu ürəklə səsləndi: "Əsgər bizim tələbəmizdir". Müəllimimin indiki zamandakı xitabı məni çox qürurlandırdı.

Zaur Babayev həmişəki kimi vaxt itirmədən samovarı işə salmağa başladı. İki ağıllı bala gilas və tut ağaclarından asılan yelləncəkdə qol-boyun olub, sanki qol-qanad açdılar, gülüşlərilə səfərə xoşbəxtlik qatdılar.

Doğrusu bu yelləncəyi görəndə, Cahangir Məmmədlinin tələbələrə olan sevgisini ağaclara doğma münasibətində müşahidə edəndə, bir məsələ ağlımda canlandı. Çünki, iki ağaca birləşən həmin yelləncək, həm də kənd adamını böyüdən yüyrük, beşik əvəzidir. Həm də insanlardan öncə bu dünyada ağaclar olub. Bu ağaclar da elə Tanrıdan insana yadigardır. Hamımız ağacların nübarından, şirin meyvəsindən daddıq. 

Sonra Sərdar Əsədzadə, mən və Cahangir müəllimlə birlikdə tut da çırpdıq. Müəllimlərimiz Vüqar Zifəroğlu və Mirakif Babayevin nərd oyunu maraqlı tamaşaya döndü. Oyunun sirri-sehrindən əməllicə hali olanları izləmək gözəl idi. Ən gözəli və təqdirəlayiqi də o idi ki, adətən nərdtaxtanın, dominonun adamı əsəbiləşdirən səsi eşidilmirdi. Oyunun duzu, istiotu öz yerində. Digər tərəfdə də təhsil sistemindəki yaradıcı və inzibati qabiliyyətləri, peşəkarlıqları ilə seçilən Xalidə Cavadova, Təranə Mahmudova, Aygün Qurbanova həm də "əllərinin duzu", süfrə mədəniyyətilə seçilirdilər... 

Mənim təhsil həyatımda Xalidə Cavadovanın digər müəllimlərim kimi çox böyük zəhməti olubsa, bibim oğlu Gündüz Soltanzadənin də təhsil həyatında — tarix fakültəsində magistr təhsili aldığı dönəmlərdə Təranə Mahmudovanın əməyi olub. 

Bu məsələni bildiyim üçün, səfər zamanı Təranə müəlliməyə Gündüzün salamını, ehtiramını çatdırdım. 

"Qubada bir balaca yurd yeri"ndə özünün xoş ətrini, gözəlliyini qonaqlardan əsirgəməyən güllər də vardı. Maraqlıdır ki, bu güllərin üzərindəki qırmızı ləçəklər olduğu kimi qalmışdır. Güllərin sağında — iri ağ tut ağacının altında işığına yığışdığımız Ustad Cahangir Məmmədli və müəllimlərimizlə olan bir günlük "Bağ mövsümü" beləcə yekunlaşmaq üzrə idi. Xoş arzuların eşidildiyi, xoş görüşlərin ənənəvi olması diləyi və bir də Cahangir Məmmədlinin "...Müqəddəs anlayışlar içərisində YOL deyilən məfhum da vardır ki, biz bu yolla kəndə, indi də həmin yolla şəhərə qayıdacağıq. Yolumuz açıq olsun!" duası fonunda istiqamət alırıq üzü küləyə - badi Kubəyə... Qubada isə iri tut ağacı, onun çətir rolunu oynayan enli yarpaqlı budağı altındakı xoş ətirli qızılgüllər isə növbəti səfəri səbirsizliklə gözləyəcəyinə əminəm... 

Əsgər İsmayılov
BDU Jurnalistika fakültəsinin məzunu

0