"Şlyapa Zahid"in işində Nəcməddin Sadıkov yenə məhkəməyə çağırıldı

ÖLKƏ
16:37 / 19.06.2025
46

“AtaBank”dan götürdüyü 42 milyonu mənimsəməkdə ittiham olunan Müdafiə Nazirliyinin keçmiş zabiti Zahid Niftəliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşmaq üzrədir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda Niftəliyevin vəkili bu işdə adı keçən Azərbaycan Ordusunun sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun əlavə şahid kimi dindirilməsini istəyib.

Müdafiəçinin sözlərinə görə, Nəcməddin Sadıkov bu işdə əsas şəxsdir, amma ittiham tərəfinin şahidləri sırasında yer almayıb. Onun dedikləri iş üçün xüsusi əhəmiyyətlidir.

Novruz Kərimovun sədrlik etdiyi məhkəmə tərkibi general Sadıkovun dindirilməsinə ehtiyac görməyib. Bu səbəbdən vəsatət təmin edilməyib.

Bundan sonra son şahid mərhum vergilər naziri Fazil Məmmədovun müşaviri işləmiş Mahir Rəfiyevin istintaq vaxtı verdiyi ifadəsi elan edilib. 

“AtaBank”ın səhmdarlarından biri istintaqa ifadəsində deyib ki, Fazil Məmmədovun göstərişi əsasında bankdan Nəcməddin Sadıkovun göndərdiyi şəxsə kredit ayrılmasını təmin edib.

İfadəyə münasibət bildirən Zahid Niftəliyev deyib ki, iki dəfə şirkətin ləğv olunması ilə bağlı sənədləri imzalayıb: “İndi anlayıram ki, onlar mənimlə oyun oynayıblar. Fazil Məmmədov vəzifədən çıxarılana qədər adıma kredit rəsmiləşdirildiyindən xəbərsiz olmuşam.”

Növbəti proses iyulun 25-nə təyin edilib.

Qeyd edək ki, Z.Niftəliyev ötən il başqa cinayət işi üzrə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.

0