Vətəndaş ona məxsus olan pay torpağının xəbəri olmadan başqasına satıldığını iddia edir.
"Xəzər Xəbər"ə müraciət edən Tovuz rayonunun Əyyublu kənd sakini Mehdi Qasımov bildirir ki, atası - Böyük Vətən Müharibəsi iştirakçısı, II qrup əlil mərhum İsrafil Qasımova 65 sot pay torpağı verilib.
Şəxsin öz torpağı əkin üçün yararsız olduğu üçün o vaxtkı islahat kommissiyasının müvafiq aktı ilə həmin dövrdə üzümçülük sovxozunun balansında olan sözügedən torpaqla əvəzlənib. 22 il bu torpağı əkib-becərdiyini deyən Mehdi Qasımov vərəsəlik aldıqdan sonra torpağı özəlləşdirmək istəyib.
Onun sözlərinə görə, bir müddətdən sonra bəlli olub ki, sözügedən torpaq sahəsi artıq satılıb və başqa şəxsin mülküyyətinə verilib.