Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi polkovnik Mirzə Cəlilovun Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Naxçıvan Hərbi Məhkəməsində hakim İlham İbrahimovun sədrlik etdiyi prosesdə çıxışlar olub.
Məhkəmə baxışı zamanı, Mirzə Cəlilovun öz-özünə polkovnik rütbəsi verməsi ilə bağlı vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunduğu da müəyyən edilib.
Dövlət ittihamçısı çıxışında Mirzə Cəlilovun vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və rüşvət almaqda təqsirli bilinməklə 10 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.
Təqsirləndirilən şəxsin vəkili çıxış edərək həmin dövrdə olan vəziyyətlərin nəzərə alınmasını, cəzanın yüngülləşdirilməsini, AR Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən təqsirləndirilən şəxsə şərti cəza verilməsini məhkəmədən xahiş edib.
Mirzə Cəlilov məhkəmədə son söz deyib. O, sadəcə verilən tapşırıqları icra etdiyini, buna görə də özünü qismən günahkar hesab etdiyini və ona şərti cəzanın verilməsini məhkəmədən xahiş edib.
Məhkəmə qərar vermək üçün müşavirəyə gedib.
Müşavirədən sonra hökm oxunub. Məhkəmə M.Cəlilovu ittiham edildiyi maddələrlə təqsirli hesab edib. Hökmə əsasən o, 10 il müddətinə azadlıqdan məhrum edilib.
O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, Mirzə Cəlilov DTX tərəfindən həbs edilib. DTX-nin İstintaq baş idarəsində istintaq olunan iş üzrə Mirzə Cəlilov AR Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3, 32.5, 321.1 və 341.1-ci maddələri təqsirləndirilir.
Xatırladaq ki, Mirzə Cəlilov Naxçıvan MR-in Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən əvvəl Naxçıvan Şəhər Polis İdarəsinin rəisi işləyib.