Paytaxtın mərkəzində yiyəsiz qalmış yaşıllıq belə məhv olur (FOTO)

ÖLKƏ
12:32 / 29.05.2020
1235

Paytaxtın Səbail rayonunda, Neftçilər prospektinin kənarında (Əl Oyunları Sarayından bir qədər aralıda-Dənizkənarı Bulvarla üzbəüz) şam ağaclarından ibarət yaşıllıq zonası baxımsızlıqdan məhv olur. 

HİT.Az Virtualaz.org-a istinadla xəbər verir ki, körpə  şam ağacları və zeytun kolları susuzluqdan quruyub. 

Yaşıllıq zonası bir tərəfdən hasarlanıb,  ərazidə 4-5 il əvvəl hansısa obyektin tikintisinə başlanılıb. Sonradan tikinti işləri yarımçıq  dayandırılsa da, texnika illərdir ərazidən çıxarılmır. Kənardan bir neçə ağacın kəsildiyi görünür.  

 

Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, ərazinin sonuncu dəfə nə vaxt suvarıldığını xatırlamırlar. Hasar olduğundan içəri keçib ağaclara qulluq göstərmək də mümkün deyil. Sakinlərdən biri bildirib ki, Bayıl sürüşmə zonasıdır, sürüşmənin qarşısını almaq üçün isə ilk növbədə yaşıllıq ərazisi, ağaclar qorunmalıdır. 

“Doğrudur, Bayıl qəsəbəsi son vaxtlar görkəmini tamamilə dəyişib,  köhnə tikililər sökülüb, yenisi tikilir. Amma söküntü-tikinti işləri o qədər sürətlə aparılır ki, ağacların kəsilib-kəsilmədiyini, yaxud qurumasını izləmək mümkün olmur. Lakin son 10 illə müqayisədə yaşıllıq əraziləri xeyli seyrəkləşib”- Samirə adlı sakin belə deyib. 

Digər sakin isə bildirib ki, sözügedən ərazidəki ağaclar yağışın ümidinə qalıb. Halbuki bir neçə yüz metr aralıda yerləşən parkdakı yaşıllıq zonası mütamadi suvarılır. 

“Baxın, burada da vəziyyət eynidir, kollar, yeni əkilən ağacların bir neçəsi quruyur. Hələ qarşıda tikinti şirkətinin fəhlələri ağacların dibini betonlamışdı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları gəlib, betonlar sökdürdü, indi həmin ağaclara qulluq göstərilir ki, qurumasın”, - Qurban Abbasov küçəsinin yaşlı sakini hasarlanmış ərazi ilə üzbəüz, yolun qarşısındakı digər yaşıllıq zonasını göstərir. 

Uzun illərdir Bayılda yaşayan Zenfira Əliyeva isə deyib ki, yalnız parka diqqət göstərilir, bu ağaclara isə nə qulluq edən var, nə də suvaran: “Parkı suvaranlardan soruşuruq, deyirlər ki, o ərazilər bizlik deyil. Necə olur ki, həmin yerdə kimsə daşı daş üstünə qoyanda dərhal mənzil-istismar sahəsindən tutmuş icra hakimiyyətinə kimi hamısı tökülüb gəlir, amma ağacların suvarılmasına gəldikdə onlarlıq olmur?” 

Parkı suvaranlarla da söhbətləşirik. Özlərini təqdim etmək istəməsələr də, yol kənarındakı yaşıllıq ərazilərinə nəzarət etmədiklərini deyirlər. 

 

“Dəqiq bilmirəm, deyəsən, o ərazi Bayraq İdarəsinə məxsusdur, onlar baxmalıdırlar”- işçilərdən biri sualımıza belə cavab verir. Qeyd edək ki, sözügedən ərazidə 2012-ci ildə Bakıda keçirilən “Avroviziya” mahnı müsabiqəsinə hazırlıq ərəfəsində bir qrup iş adamının təşəbbüsü ilə İtaliyadan alınıb gətirilən dekorativ ağaclar da əkilmişdi. Amma cəmi bir-iki il sonra “Göy şam” və “Limon tuya” ağacları müammalı şəkildə yoxa çıxmışdı. Hazırda həmin ərazidə dekorativ ağac qalmayıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə virtualaz.org-a bildirib ki,  onun və Regional Ekologiya İdarəsinin rəisi Vaqif Cavadovun iştirakı ilə sözügedən ərazidə araşdırma aparılıb, bir neçə ağacın quruması faktı təsdiqini tapıb. O da məlum olub ki, ərazidə yaşayış binası inşa etmək istəyiblər, 3 mərtəbə tikilib, amma sonradan tikinti dayandırılıb: “Sizin saytın müraciətindən sonra ərazidə olduq, yaxınlıqdakı müəssisələrdə çalışanlarla danışdıq. Təxminən 1 il yarım-2 il əvvəl tikinti dayandırılıb, ancaq sahədə xeyli sayda texnika, avadanlıqları var. Sənədlər əsasında müəyyənləşdirdik ki, 2016-cı ilin yanvar ayında “Mənzərə- Ş” MMC-yə həmin ərazidə tikinti aparılması üçün icra hakimiyyəti tərəfindən sahə ayrılıb. 2016-cı ilin okytabrında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertizası tərəfindən həmin əraziyə rəy verilib. Nazirliyin əməkdaşları 2018-ci ilin dekabrında həmin əraziyə baxış keçiriblər, lakin elə bir nöqsan aşkarlanmayıb”. 

 

Xidmət rəisinin sözlərinə görə, tikinti ərazisinin içərisində bir neçə şam ağacı var, amma o ağaclar qurumayıb. Tikinti ərazisinə bitişik ərazidə - təxminən 5-6 sot sahədə şam ağacları əkilib, hətta damcılı suvarma da çəkilib.  Lakin buna baxmayaraq ağaclar quruyub. Orada hətta üç yerdə 8, 12, 14 diametrli ağaclar da kəsilib:“Müəxəssislər kəsimiş ağaclara baxış keçirdilər, ağacların təxminən 3-4 il əvvəl kəsildiyi müəyyənləşdirildi. Ola bilər ki,həmin ağacların bioloji ömrü bitmiş olsun, bu məqsədlə də kəsilsin”. 

H.Əlizadə bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsüylə ötən il Nəsiminin 650 min illik yubileyi münasibəti ilə 650 min ağac əkilib:  “Həmin ərazidə də ağac əkilib. Onların bir hissəsi tutub, bir hissəsi quruyub”. 

Əlizadə onu da deyib ki, ilkin nəticəyə görə icra hakimiyyəti tərəfindən həmin ərazidə yaşıllaşdırma işləri aparılıb, damcılı suvarma çəkilib. Amma ərazinin suvarılması məsələsinə cavabdeh qurum bayramdan sonra müəyyən ediləcək. 

 

“Bayram günləri olduğundan qurumlara müaciət edib rəsmi sənəd ala bilməmişik. Amma bayram bitən kimi rəsmi sorğu göndərəcəyik, sahənin mülkiyyətçisini müəyyən edəcəyik. Eləcə də Bakı Şəhər İcra Hakimiyyətinə, Səbail Rayon İcra Hakimiyyətinə müraciət olunacaq. Bundan sonra yaşllığa cavabdeh qurum müəyyənləşdiriləcək, həmin quruma cərimə tətbiq olunacaq. Məburi göstəriş veriləcək ki, ərazini 1-2 il əvvəlki vəziyyətinə qaytarsınlar.Qurumuş ağaclar çıxarılsın, yeniləri əkilsin və suvarma tətbiq edilsin”. 

Xidmət rəisi qəsəbədə bir neçə ağacın dibinə beton tökülməsi məsələsinə də münasibət bildirib. Deyib ki, son vaxtlar bu kimi faktlarla tez-tez rastlaşırlar. 

“Son vaxtlar bunu “dəb” halına salıblar. Nəinki Bakı şəhərində, hətta bu yaxınlarda Tərtər rayonunda da belə fakt aşkarladıq. Ağacların dibini betonlayırlar. Bu bəzən yol asfaltlananda avtomatik həyata keçirilir, bir çox hallarda isə bilərəkdən edirlər. Son 1 ayda Bakı şəhərində üç nöqtədə belə hal aşkarlamışıq”,-Əlizadə bildirib. 

 

Onun sözlərinə görə, ağacların dibini asfaltlayanlara icrası  məcburi olan göstəriş verilib, ərazinin sahibinə, şirkətə, yaxud bələdiyyəyə cərimə tətbiq olunub . “Sizin sayt vasitəsi ilə müraciət edirik. Ağacların dibini betonlayırlar, müəyyən müddətdən sonra ağac nəfəs ala bimir, su çatmır və nəticədə quruyur.  Bilsinlər ki, bu hal qanun pozuntusudur. Bunun nəticəsində cərimə tətbiq olunur, ağaca dəymiş zərər böyük məbləğ olduqda cinayət işi açıla bilər”.

Səbail Rayon İcra Hakimiyyəti və Bayraq İdarəsi ilə isə əlaqə saxlamaq cəhdlərimiz baş tutmayıb.

0