5 iyul 2025-ci il tarixində Bakıdakı “Azure Business Center”də keçirilən tədbirdə Fənərbahçə Universitetinin Bakı ofisinin rəsmi açılışı baş tutdu. Bu mühüm mərasim, Azərbaycan və Türkiyə arasında təhsil və idman sahəsindəki əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verdi.
Fənərbahçə Universiteti, təkcə akademik uğurları ilə deyil, həm də idman sahəsindəki liderliyi ilə seçilən bir təhsil müəssisəsidir. Universitet, Avropa və dünya çempionlarına, o cümlədən istedadlı və uğurlu Azərbaycanlı idmançılara təqaüdlə və ya tamamilə pulsuz təhsil imkanı təqdim edir. Bu, gənc azərbaycanlı idmançıların beynəlxalq arenada özlərini göstərməsi və dünya ilə inteqrasiya olunması üçün unikal fürsətdir.
Fuad Hacıyevin sözlərinə görə Universitetin Bakı ofisinin açılması ilə Azərbaycanlı tələbələr, xüsusən də idman sahəsində karyera qurmaq istəyən gənclər üçün gələcəklərinə ən düzgün sərmayə qoymaq imkanı yaranır. Fənərbahçə Universiteti yalnız bir təhsil müəssisəsi deyil, həm də idman dünyasının nəbzini tutan, yenilikçi, texnologiyaya və qlobal əlaqələrə açıq bir platformadır.
“Bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan bu əməkdaşlıq, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin təhsildə və idmanda da daha da dərinləşdiyinin göstəricisidir. Fənərbahçə Universitetinin Bakı ofisi vasitəsilə daha çox azərbaycanlı tələbə və idmançı, Türkiyədə yüksək səviyyəli təhsil alaraq beynəlxalq uğurlara imza ata biləcək.