Günəbaxan tumları: Qovuraq, ya qovurmayaq?

ÖLKƏ
10:09 / 10.07.2025
92

"Günəbaxan tumlarının tərkibindəki vitamin və minerallar, faydalı yağlar onun zəngin qida dəyərinə malik olduğunu göstərir. Bu isə onun faydalı olduğunu deməyə əsas verir". 

Bu sözləri Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Hit.az-a açıqlamasında deyib. 

Lakin o bildirib ki, hər hansısa qida doğru miqdarda qəbul olunmadıqda zərərləri ola bilir:

"Bir çox hallarda günəbaxan tumunu qovrulmuş, yoxsa qovrulmamış qəbul etmək arasında çaşqınlıq yaranır. İlk növbədə bilmək lazımdır ki, qovrulmamış günəbaxan tumlarının tərkibində vitamin və minerallar daha canlı və çox qalır. 

Eyni zamanda, onların qida dəyəri daha yüksək, eləcə də tərkibində doymamış yağ turşuları orqanizmə fayda verəcək şəkildə olur. Bununla yanaşı, qovrulmamış günəbaxan tumlarında antioksidant tərkibi daha güclü qalır". 

377477

Ekspert qeyd edib ki, ancaq günəbaxan tumları qovrulduqdan sonra tərkibindəki doymuş yağların çox olması düzgün şəkildə qovurmadıqda və ya həddindən artıq qovurduqda bu yağları trans yağa çevirir:

"Bu zaman da akrilamid maddəsi xərçəng yaradan maddə yaranır. Ona görə də bu tumları çox qovurmaqdan və yandırmaqdan çəkinmək lazımdır. Həmçinin, bəzən dadlandırıcı olaraq duzla qovururlar və yaxud həddindən artıq duz istifadə edirlər. Bu da xüsusilə böyrəklərində problem olan insanlarda və hipertoniyadan əziyyət çəkənlərdə sağlamlıq riski yarada bilər.

Bundan başqa, qan təzyiqini də yüksəldə bilər. Ona görə sözügedən tumları qovurarkən duz miqdarını da keçməmək lazımdır. Ancaq dadına görə qovrulmuş günəbaxan tumları qovrulmamışa görə daha dadlı, xoşagələn və asan təmizlənə bilən olur. Eyni zamanda, da onu uzun müddət saxlamaq daha asandır". 

Həmsöhbətimiz diqqətə çatdırıb ki, bir çox hallarda günəbaxan tumları paketlənmiş şəkildə də alırlar:

"Lakin mütləq şəkildə onu alarkən tərkibinə, istehsalçı şirkətin etibarlı bir marka olmasına diqqət edilməlidir. Çünki bəzən olur ki, uzun müddət qalması və xarab olmaması üçün ona müəyyən kimyəvi qatqı maddələri əlavə olunur.

Bu isə immun sistemi zəif olan insanlarda allergiyaya səbəb ola bilər. Eyni zamanda, sağlamlıq üçün müəyyən riskləri yaratma ehtimalı da var. Ona görə buna da diqqət etmək lazımdır". 

Məhsəti Hüseynova gün ərzində nə qədər günəbaxan tumu istehlak etməyin məqsədəuyğun olduğundan da danışıb:

"Yaxşı olar ki, mütləq şəkildə gün ərzində 20-30 qramı keçməyəcək şəkildə qəbul etsinlər. Bu da təxmini hər bir insanın ovcunu keçməyəcək qədər olan miqdardır. 

Az qovrulmuş, keyfiyyətli, təmiz, gigiyenik qaydalara əməl olunmuş şəkildə hazırlanmış günəbaxan tumlarını qəbul etmək tövsiyə olunur. Tərkibində E və B kimi bir çox vitamininin olması onu bəzən qida əlavəsi kimi salatlarda da istifadə edə edirlər. Bu da çox faydalıdır".

Pərviz

0