Azərbaycan Prezidenti İlham Əliyev iki yeni milli parkın - Axar-Baxar və İlisu - yaradılması barədə sərəncam imzalayıb.
HİT.az xəbər verir ki, dövlət başçısının imzaladığı sənəddə qeyd olunub ki, Axar-Baxar Milli Parkı Samux rayonunun dövlət ehtiyat fondu torpaqlarından 11113,46 hektar, Yevlax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 7000,10 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 5788,43 hektar ayrılmaqla, 23901,99 hektar sahədə yaradılacaq.
İlisu Milli Parkı isə sərəncama əsasən, Zaqatala rayonunun dövlət ehtiyat fondu torpaqlarından 206,74 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 13759,26 hektar ayrılmaqla, 13966 hektar sahədə yaradılacaq.
Sərəncamda bildirilir ki, milli parkların yaradılmasında məqsəd xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, biomüxtəlifliyin qorunub saxlanılması, ətraf mühitin dayanıqlı idarə olunması ilə yanaşı, sosial-iqtisadi imkanların artırılması, yerli icmaların ekoloji təşəbbüslərə inteqrasiyası və regionlarda ekoturizmin inkişafını təmin etmək məqsədilə yaradılır.