Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi - FOTO

ÖLKƏ
13:02 / 15.07.2025
75

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən "İşğaldan azad edilmiş ərazilərdə analarla iş" layihəsi çərçivəsində Laçın, Zəngilan və Cəbrayıl rayonlarında nəzərdə tutulan təlimlər keçirilməyə başlayıb. 

HİT.az xəbər verir ki, layihənin əsas məqsədi post-münaqişə dövründə bölgədə yaşayan anaların psixoloji dayanıqlığını artırmaq, ailə və icma içində onların rolunu gücləndirmək və məktəbəqədər yaşlı uşaqların inkişafında anaların iştirakını stimullaşdırmaq olub.

İlk iki təlim 12 iyul tarixində Laçın şəhəri 2 nömrəli tam orta ümumtəhsil məktəbində həyata keçirilib. Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin sədri Sevinc Fədainin verdiyi məlumata görə, təlimdə Laçına yeni köç edən analar və onların övladları iştirak edib. Təlim çərçivəsində valideynlərə aşağıdakı istiqamətlər üzrə praktik bilik və bacarıqlar təqdim edilib:

* Məktəbəqədər yaşlı uşaqların inkişafında ana rolunun gücləndirilməsi;
* Post-münaqişə dövründə psixoloji dayanıqlıq və emosional dəstək;
* Analar üçün stressin idarə olunması və psixoloji sağlamlığın qorunması;
* Sağlam ailə mühitinin yaradılması: milli dəyərlər və mənəvi inkişaf;
* Ailə və icma əlaqələrinin gücləndirilməsi;
* Məktəbəqədər təhsil modellərinin inkişafı və onların icmalarda tətbiqi.

Kçirilən təlimdə qadınlar həm nəzəri bilgilərlə tanış olub, həm də interaktiv məşğələlər vasitəsilə öz təcrübələrini bölüşərək bir-birlərindən öyrənmək imkanı qazanıblar.

Məktəbəqədər yaşlı və məktəbli uşaqlar üçün təşkil edilən hərəkətli oyunun əsas xüsusiyyətləri isə məkan və hərəkət azadlığı verib, uşağın enerjisini müsbət şəkildə yönləndirib. Keçirilən sessiya uşaqların, həmçinin, sosial və emosional bacarıqlarını inkişaf etdirərək, əməkdaşlıq, nizam-intizam qaydalarına əməl etməyi öyrədib. Rəsm terapiya isə uşaqlarda şüuraltını, qorxu və travmalarını rahatlıqla ifadə etməyə və ailədaxili konfliktlərin həllinə kömək edib. 

Təlim proqramınını peşəkar təlimçi heyəti -  psixoloq Sevda Alışova-Bəşirli, art terapevt Nərmin Şahverdiyeva, metodist Vüsalə Mustafayeva və pedaqoq Gülmira Ələsgərova-Cəfərova həyata keçirib. 

Təlim iştirakçıları bu cür təşəbbüslərin onların həm fərdi rifahına, həm də övladlarının sağlam inkişafına böyük töhfə verdiyini qeyd edib. Layihə regionda sosial-psixoloji bərpa və maariflənmə proseslərinə mühüm dəstək kimi dəyərləndirilib.

Qeyd edək ki, silsilə tədbirlər Zəngilan və Cəbrayıl şəhərində eyni qaydada davam etdirilib.

0