Ağa iranlı Araşın narkotikini daşıyarkən tutuldu - Marixuana Lənkərana necə gəlib?

ÖLKƏ
15:05 / 15.07.2025
67

İranlı tanışı Araşdan 10 kiloqram narkotik alan şəxs həbs edilib.

Bu cinayət işində diqqət çəkən məqamlar var. Narkotiki ölkəyə kim keçirib?

Musavat.com xəbər verir ki, 1988-ci il təvəllüdlü Cəlilabad rayon Üçtəpə kənd sakini Ağa Ağayev satış məqsədilə külli miqdarda narkotik vasitə əldə etməkdə ittiham olunaraq həbs edilib.

Keçirilən əməliyyat zamanı Ağa Ağayev Lənkəran rayonunun “Ləvəngi” dairəsinin yaxınlığında saxlanılıb. Onun üzərində 10 kiloqram 190 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış marixuana aşkar edilərək götürülüb.

İstintaq zamanı dindirilən Ağa Ağayev özünü qismən təqsirli bilib. Deyib ki, narkotik vasitəni satmaq məqsədi ilə əldə etməyib.

Nəşədən istifadə etdiyini etiraf edən Ağa bildirib ki, iranlı tanışı Araş ona zəng edərək Lənkəranda olan narkotiki götürüb Lökbatana aparmasını istəyib. Bunun qarşılığında isə ona 700 manat təklif edib.

Ağa Araşın bu təklifi ilə razılaşaraq Cəlilabaddan Lənkərana gedib. Araşın ona göndərdiyi “konum”a gedərək narkotiki götürüb. Taksiyə minmək istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, Araş ilkin olaraq Ağaya 70 manat pul göndərib. Ağanın telefonuna baxış keçirilən zaman Araş adlı İran vətəndaşının istifadəsində olan +98 902 952 44 72 saylı nömrədən ona zəng gəldiyi, həmçinin Ağaya narkotikin olduğu yerin “konum”u göndərildiyi müəyyən edilib. Ağanın Araşın nömrəsini telefonun yaddaşında “CUC” olaraq qeyd etdiyi də məlum olub.

Məhkəmə Ağa Ağayevi törətdiyi cinayət əməlində təqsirli bilərək 6 il müddətinə azadlıqdan məhrum edib.

Qeyd edək ki, bu işdə diqqət çəkən məqam Araşın narkotik vasitəni Lənkərana necə və kimlər vasitəsi ilə keçirməsidir...

0