İqlim dəyişikliyinin kənd təsərrüfatına hansı mənfi təsirləri olacaq?

ÖLKƏ
11:58 / 28.07.2025
66

"İlqim dəyişikliyi Azərbaycanın kənd təsərrüfatı məhsuldarlığına əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Bunun həm mənfi, həm də müsbət təsirinin olması mümkündür". 

Bu sözləri turizm üzrə ekspert Həmid Cahedi Hit.az-a açıqlamasında deyib. 

O, əsas mənfi təsirlərdən bəhs edib:

"İqlim dəyişikliyinin kənd təsərrüfatına ilk mənfi təsiri quraqlıq və su qıtlığı ola bilər. Xüsusən Aran və Cənub zonasında məhsuldarlığın azalmasına gətirib çıxarma ehtimalı var. Suvarma sistemlərinin çətinləşməsi və su ehtiyatlarının azalması da mümkündür. 

Həmçinin, havanın temperaturunun artması da mənfi təsirlər sırasındadır. Bu isə məhsulların vaxtından tez yetişməsinə səbəb olacaq. Məsələn, bu halda taxıl, pambıq, üzüm, meyvə-tərəvəz kimi məhsullar daha tez yetişəcək. Lakin o da öz növbəsində keyfiyyətə təsir edəcək". 

Ekspertin sözlərinə görə, iqlim dəyişikliyi əkin dövrünün dəyişməsinə də səbəb olacaq:
"Məsələn, əvvəl taxıl payızın sonunda əkilirdisə, iqlim dəyişikliyi bunu tezləşdirə və ya gecikdirə bilər. Bu, öncədən məhsulun əkilməsini əvvəlcədən proqnozlaşdırmağa mənfi təsir edəcək.

Bundan başqa, iqlim dəyişikliyi zərərvericilər və xəstəlikləri də artıra bilər. Çünki isti və rütubət əkin sahələrində zərərvericilərin çoxalmasına səbəb olacaq. 

Onların əleyhinə istifadə olunan dərmanlar da məhsulun təbii yetişməsinə mane olacaq. Eyni zamanda, torpaqların şoranlaşması da mənfi təsirlər sıradındadır. Bu halda torpaqlar əkinə yararsız olacaq. O da məhsulun miqdarını azaldacaq". 

Mütəxəssis qeyd edib ki, iqlim dəyişikliyinin kənd təsərrüfatına müsbət təsirləri də ola bilər:

"İqlim dəyişikliyinin kənd təsərrüfatına  müsbət təsiri az da olsa ola bilər. Bunun yeni məhsulların yaranmasına səbəb olması mümkündür.

Lakin ümumi mənada Azərbaycanda kənd təsərrüfatı üçün iqlim dəyişikliyi əsas riskli amillərdən biridir. Bu səbəbdən də iqlimə davamlı toxum sortlarının təyin edilməsi və damcı suvarma sistemlərinin istifadə edilməsi məqsədəuyğundur".

Həmid Cahedi fikirlərini belə yekunlaşdırıb:

"İqlim dəyişikliyi turizmə də öz təsirini göstərə bilər. Məhsuldarlıq və əkin sahələrinin azalması aqroturizmə də mənfi təsir edəcək. Bunun qarşısını almaq üçün hər regiona uyğun məhsullar əkməliyik. Yəni regiona uyğun kənd təsərrüfatı məhsullarının seçilməsi də vacib məsələdir".

Pərviz

0