Velosiped yollarının salınması velosipedə olan marağı artırıb?

ÖLKƏ
13:07 / 26.08.2025
46

"Velosiped yollarından istifadə edilməsinin nəqliyyatda müsbət həlli olacağına inanmıram". 

Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, velosiped yolları tıxacın qarşısını almır:

"Əksinə, buna görə bəzi küçələr daraldığı üçün əlavə tıxaclar yaranır. Bunu yalnız insanların sağlamlığı üçün atılan bir addım kimi dəyərləndirmək olar. Çünki velosipeddən istifadə insan sağlamlığı üçün olduqca faydalıdır". 

Lakin ekspert qeyd edib ki, ölkəmizdə velosiped istifadəsinə maraq yüksək səviyyədə deyil:

"Belə yolların açılması da Azərbaycanda əhalinin birdən-birə velosipedə marağını artırmayacaq. İnsanların böyük əksəriyyətinin velosipeddən gündəlik nəqliyyat vasitəsi kimi istifadə edəcəyi inandırıcı deyil. Yəni kimlərinsə ənənəvi nəqliyyat vasitələrini velosipedlə dəyişmə ehtimalları çox aşağıdır. Açığı, kiminsə maşını sataraq şəhərdə velosiped sürəcəyini zənn etmirəm". 

380548

Mütəxəssis fikirlərini belə əsaslandırıb:

"Bu, ona görə inanılmazdır ki, bunun üçün zaman lazımdır. Hətta çox uzun illər tələb oluna bilər. Həmçinin, bununla bağlı konkret bir iradə də olmalıdır. Əks halda, indiki vəziyyətdə bu, çox çətindir və kütləvi şəkildə velosiped istifadəsinə keçid olunacağını da güman etmirəm. 

Üstəlik, hazırda şəhərin bəzi yerlərində velosiped zolağı olsa da, bəzi yerlərdə yoxdur. Bunun uğurlu olması üçün hər yerdə tətbiq etmək lazımdır. Hər yerdə bu zolaqlar olmayacaqsa, velosiped istifadəsi təhlükəli ola bilər". 

Pərviz

0