2024-cü ildə Azərbaycanın ümumi marqarin ehtiyatları 97 460 ton təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında göstərilir.Bu, 2023-cü illə (93 951 ton) müqayisədə ümumi ehtiyatların 3 509 ton və ya 3,7 % artması deməkdir. 2024-cü ildə ölkədə 51 206 ton marqarin istehsal edilib. Bu, illik müqayisədə yerli istehsalın 4 221 ton və ya 9,0% artması deməkdir. 2023-cü ildə bu göstərici 46 985 ton olmuşdu. 2024-cü ildə ölkəyə 2 528 ton marqarin idxal olunub.
Bu, ötən illə müqayisədə idxalın 887 ton və ya 54,0 % kimi kəskin artdığını göstərir. 2023-cü ildə idxal 1 641 ton təşkil etmişdi.2024-cü ildə Azərbaycanın ümumi kərə yağı ehtiyatları 56 min 084 ton təşkil edib. 2024-cü ildə ölkədə 28 min 975 ton kərə yağı istehsal edilib. 2024-cü ildə ölkəyə 24 508 ton kərə yağı idxal olunub.
Qeyd edək ki, ölkədə hər iki yağın istehsalını müqayisə etdikdə marqarin yağının kərə yağından dəfələrlə çox istehsal edildiyini görürük.
İnsan orqanizmi üçün zərərli hesab edilən marqarin yağının istehsalının davamlı olaraq artması nə dərəcədə məqsəuyğundur?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli "Cebheinfo.az"-a bildirib ki, marqarin yağı süni yaradılmış yağdır, yəni orqanik yağ deyil:
"Belə bir məlumat da var ki, neftdən alınır. Hazırda onun dəqiq texnologiyasını bilmirəm, ancaq neftdən alınması da mümkündür. Dəqiq bilirəm ki, marqarin yağı sünidir və orqanizm üçün zərərlidir. Marqarin çoxdan kəşf olunub və demək olar ki, 100 ilə yaxındır qida sənayesində mövcuddur.
İlk dəfə kərə yağı çatışmazlığı ilə bağlı Avropada istehsal olunub. Marqarinin orqanizm üçün xeyli zərərləri var. Marqarinin ərimə temperaturu yüksəkdir, molekullarının həcmi böyükdür. Orqanizm bu yağı çətin mənimsəyir. Ona görə də daha çox marqarin istehlak edən insanlar artıq çəkiyə malik olurlar.
Marqarinin müsbət xüsusiyyətləri odur ki, vitrin qabiliyyətinə malikdir. Məsələn, xüsusilə şirniyyatlarda, tortlarda yaxşı səmərə verir. İstənilən formanı almaq üçün o yağlar daha səmərəlidir. İstehsalçı üçün səmərəlidir, ancaq istehlakçı üçün zərərlidir. Bu yağların ehtiyatının artırılması Azərbaycan istehsalçıları üçün maraqlıdır.
Həm marqarin, həm də palma yağından geniş şəkildə istifadə olunur. Ona görə onlar ucuz başa gəlir. Məhsulların maya dəyərini aşağı salmaq üçün bu yağlardan istifadə edirlər".
Onun sözlərinə görə, marqarin ehtiyatının artmasının səbəbi odur ki, kərə yağı ehtiyatını artırmaq üçün idxalı artırmaq lazımdır:
"Bu da baha başa gəlir, təmiz kərə yağı bu gün bazarda kiloqramı 25 manatdan artıqdır. Azərbaycan əhalisinin neçə faizi həmin qiymətə kərə yağı almaq imkanına malikdir? Əlbəttə ki, çox aşağı faizdir. Ancaq bazarda daha çox marqarin, palma, digər trans yağlar var.
Onlardan şirniyyat hazırlayırlar və əhali geniş şəkildə alır. Ona dad, rəng vururlar, kərə yağı adı ilə satırlar. Hazırda bazarda 5-6 manata kərə yağı var. Bir kiloqram kərə yağı 25,6 litr süddən alınır. Bakıda 1 litr südün qiyməti 1,5 manatdır. O qiymətə olan süddən alınan kərə yağının qiyməti 5-6 manat ola bilməz.
Onun tərkibi marqarin və digər trans yağlardır. Hazırda ölkədə marqarin, palma kimi ucuz yağların həm bazarı var, həm də istehsalçılara qazanc gətirir. Azərbaycanda da qida təhlükəsizliyi nəzarəti yoxdur. Kərə yağı üçün ölkədə heyvandarlığı inkişaf etdirmək, investisiya qiymaq lazımdır. Bu sahədə nə hökumət, nə də sahibkar əziyyətə qatlaşmaq istəmir".